Facebook Pixel Code
GoMap XƏRITƏ
Bakı Dövlət Universiteti
Baxış sayı:
Avtobus
BDU-NUN TƏSİS OLUNMASIBakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm­huriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək demişdir ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı.Bolşeviklərin və ermənilərin yaratdığı daxili qarışıqlığa və iqtisadi vəziyyətin ağır olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli mədəniyyətin, təhsilin, ədəbiyyatın və incəsənətin inkişafına xüsusi önəm vermiş, bu ümdə məsələlərə xü­susi qayğı ilə yanaşmışdır. Bu qayğı demokratik ziyalılarımızın uzun illərdən bəri apardığı gərgin mübarizənin həyati təzahürü idi. Azərbaycan milli hökuməti yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atmış, bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçirmişdir. Bu tədbirlərin içərisində bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yaradılması xüsusi yer tutur. Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirən Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi nəhəng tarixi hadisələrdən biri, şübhəsiz, BDU-nun yaradılması olmuşdur. Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, ciddi tədbirlər həyata keçirirdi. Bunun da səbəbini Cümhuriyyət xadimlərinin, demək olar ki, hamısının bir nəfər kimi bu taleyüklü işdə maraqlı olması ilə izah etmək olar. İyirmi üç aylıq fəaliyyətlərinin on ayı ərzində bu dövlət xadimləri gərgin mübahisə və müzakirələrdən sonra həyatlarının bəlkə də ən böyük arzusunu – müstəqil dövlətin müstəqil ali təhsil ocağını – Bakı Dövlət Universitetini yaratmağa nail olmuşdular. Əlbəttə, o dövrdə universitetin yaradılması ideyasının meydana çıxmasını şərtləndirən bir sıra amillər mövcud idi. Hər şeydən əvvəl, azərbaycanlıların maariflənməsini və təhsilinin inkişafını düşünən qabaqcıl ziyalıların, ictimai xadimlərin başlıca arzularından biri universitet açmaq olmuşdu. Lakin bu ideyanı əvvəlki dövrlərdə gerçəkləşdirmək üçün şərait və imkan mövcud deyildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması isə bu sahədə bir ümid çırağı yandırdı. Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, ciddi tədbirlər həyata keçirirdi.Bunun da səbəbini Cümhuriyyət xadimlərinin, demək olar ki, hamısının bir nəfər kimi bu taleyüklü işdə maraqlı olması ilə izah etmək olar. Bu vətənpərvər ziyalıların əksəriyyəti Avropanın qabaqcıl universitetlərində təhsil almış şəxsiyyətlər olmuşdur. Məsələn, Əlimərdan bəy Topçubaşov Sankt-Peterburq Universitetini, Fətəli xan Xoyski Moskva Dövlət Universitetini, Nəsib bəy Yusifbəyli Odessa Universitetini, Əhməd bəy Ağayev Parisdə Hüquq Məktəbini və Sorbonna Universitetini, Behbud xan Cavanşir Almaniyanın Frayberq şəhərində Dağ-Mədən Akademiyasını, Mir Hidayət Seyidov Kazan Universitetini, Aslan bəy Səfikürdski Sankt-Peterburq Universitetini, Məmmədrza Vəkilov Xarkov Universitetini bitirmişdilər. Onlar mükəmməl təhsilin bəhrələrini öz gözləri ilə görmüş, həyat təcrübələrində sınaqdan keçirərək, bunu öz vətənlərində həyata keçirmək arzusu ilə yaşamışdılar. Vətən mücahidlərinin əlinə belə bir fürsət yalnız Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra düşmüşdü. Dövlət quruculuğunun daha möhkəm təməllərlə həyata keçirilməsi və müstəqilliyin qorunub saxlanılması üçün ali təhsilli milli kadrların hazırlanmasının əhəmiyyətini başa düşən Cümhuriyyət xadimləri bu vəziyyətin düzəldilməsindən ötrü addımların atılmasının vacibliyini dərk edərək xalqın sivil dünya elminə və təhsilinə yiyələnməsi üçün universitetin yaradılması qənaətinə gəlmişdilər. İyirmi üç aylıq fəaliyyətlərinin on ayı ərzində bu dövlət xadimləri gərgin mübahisə və müzakirələrdən sonra həyatlarının bəlkə də ən böyük arzusunu – müstəqil dövlətin müstəqil ali təhsil ocağını – Bakı Dövlət Universitetini yaratmağa nail olmuşdular. BDU-nun yaradılması tarixinə nəzər saldıqda, təsis edildiyi günə kimi onun nə qədər çətinliklərlə üzləşdiyini müşahidə etmək olar. Bu tarix bütövlükdə müstəqil Azərbaycanın yaranmasında xalqımız qarşısında dayanan maneələri, həm xalqımıza bu işdə dəstək olan çoxsaylı xeyirxah insanları, həm də ölkəmizi müstəqil, sivil ölkələr sırasında görmək istəməyən qüvvələri özündə əks etdirir... Azərbaycanda universitetin yaradılması asan proses deyildi. Ölkənin maliyyə imkanları xeyli zəifləmişdi, maddi-texniki baza yox idi. Milli kadrların çatışmazlığı tədris prosesinə rusdilli müəllimlərin cəlb olunmasını zəruri edirdi. Bu isə tədrisdə ruslaşdırma siyasətinə gətirib çıxara bilərdi. Lakin bu narahatlıqlar Azərbaycan dövlət xadimlərini niyyətlərindən döndərə bilmədi. Çarizm və Müvəqqəti hökumətin zülmündən ayrılıb istiqlalını elan edən, bolşevik təhlükəsilə üz-üzə dayanan Azərbaycanın dövlət və siyasi xadimləri niyyətlərində israrlı oldular. Çar mütləqiyyətinin hakimiyyəti dövründə Rusiya imperiyasının tərkibində təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda bircə ali məktəb də açılmamışdı. Hələ 1871-ci ildə Rusiya çarı II Aleksandr Tiflisdə olarkən şəhər idarəsi burada bütün xərcləri özləri tərəfindən ödənilməklə universitet açılması xahişi ilə ona müraciət etmiş, lakin bu xahiş yerinə yetirilməmişdi. 1897-ci ilin sentyabr ayında Kiyev və Varşavada politexnikum açıldıqdan sonra, belə bir təhsil müəssisəsinin Zaqafqaziyada da açılması sahəsində danışıqlar başlanmışdı. Bakı Şəhər Duması və neft sənayeçiləri bu məktəbin açılması üçün birdəfəlik 250 min rubl verəcəklərini və hər il onun maliyyələşdirilməsi üçün kredit müəssisələri vasitəsilə borc pul ayrılacağını öhdələrinə götürdüklərini bildirsələr də, bu ideya da həyata keçirilmədi. 1906-cı ildə Zaqafqaziyada ali təhsil ocağının açılmasına dair danışıqlar yenidən gündəmə gəlmişdi. Bu dövrdə hakimiyyət orqanlarının fitnəkarlığı ilə ermənilərin müsəlmanlara qarşı törətdiyi qırğının guya qarşısını almaq məqsədilə çar mütləqiyyəti öz «qayğıkeşliyini» nümayiş etdirmək istədi. Tiflisdə politexnikum açılması və ali məktəbin təşkilinə ianə toplanılması üçün Qafqaz canişinliyi nəzdində xüsusi Baş Komitə yaradıldı. Bu məsələ də xeyli müddət uzadıldı. 7 may 1910-cu ildə Xüsusi Baş Komitənin sədri məktubla Bakı, İrəvan, Yelizavetpol, Poti, Batum, Qroznı və b. şəhər dumalarına müraciət edərək, Tiflisdə Qafqaz Universitetinin aşılması və hər il onun xərclərinin ödənilməsi üçün kömək göstərilməsi barədə xahiş etdi. Lakin Qafqazda ictimaiyyətin köməyi ilə universitet açılması ideyası Dövlət Duması tərəfindən müdafiə olunmadı. Azərbaycan, Gürcüstan və Ermənistandan olan deputatların əksəriyyəti bu məsələnin II Dövlət Dumasında müsbət həllini tələb etsələr də, onların tələbinə məhəl qoyulmadı. Rusiyada 1917-ci il Fevral inqilabından sonra, Müvəqqəti hökumətin maarif naziri S.F.Oldenburq Tiflis şəhər Dumasına məktub-teleqram göndərərək xahiş edir ki, Cənubi Qafqazda açılması nəzərdə tutulan yeganə ali məktəbin – Tiflis Rus Universitetinin layihə və smetasını qısa zamanda hazırlayıb hökumətin müzakirəsinə təqdim etsinlər. Bu, əslində, çar bürokratiyasının müstəmləkə əsarəti altında olan xalqlara qarşı yeritdiyi siyasətin, xüsusən maarif və mədəniyyət sahəsindəki siyasətin əsaslı şəkildə tənəzzülü demək idi. Tiflisdə «Rus universiteti»ni açmaq üçün yerli Ali qadın kurslarının professorlarından ibarət komissiya yaradılır. Bu komissiyaya görkəmli alim, cərrah və pedaqoq, üç universitetin – Saratov (1909), Tiflis (1918) və Bakı (1919) universitetlərinin yaradılmasında mühüm rol oynamış professor Vasili İvanoviç Razumovski (1857-1935) başçılıq edirdi. Komissiya universitetin layihə və smetasını hazırlayıb Zaqafqaziya Respublikası hökumətinin müzakirəsinə verdi.Sonrakı hadisələri V.İ.Razumovski belə xatırlayırdı: «İşimiz qurtarana yaxın Qafqaz Zaqafqaziya Respublikası kimi Rusiyadan ayrıldı və gürcülərdən, ermənilərdən və türklərdən ibarət qarışıq hökumət təşkil edildi. Xalq maarif naziri bakılı Fətəli xan Xoyski idi. Biz Tiflisdə rus universitetinin təşkili üçün apardığımız işdən istifadə etməyi həmin hökumətə təklif etdik. Nazir bizi dinlədi, Qafqazda rus universitetinin təsis edilməsinə rəğbətini bildirdi, lakin əlavə edib dedi: «Bəs niyə Tiflisdə? Tiflisdə Politexnikum var, indi də gürcü universiteti?.. Bəlkə universiteti Bakıda açmaq daha düzgün olardı?» O, bizim məlumat məktublarımızı nəzərdən keçirmək üçün götürdü və bizim məqsədimiz barədə Nazirlər Şurasına məlumat verəcəyini vəd etdi». Təəssüf ki, o dövrdə yaranmış daxili və xarici vəziyyətlə bağlı Zaqafqaziya hökuməti bu məsələyə baxmağa imkan tapmadı. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin öz fəaliyyətini dayandırması nəticəsində üç müstəqil respublika – Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları yaradıldı. Tiflisdə fəaliyyət göstərən Ali qadın kursları 1918-ci ilin iyulunda üç fakültədən – təbiət, tarix-filologiya və tibb fakültələrindən ibarət olan Zaqafqaziya Universitetinə çevrildi. Professor V.İ.Razumovski tədrisin rus dilində aparıldığı bu universitetin rektoru vəzifəsinə seçildi. Lakin yarandığı ilk gündən bu universitet respublikalar arasında siyasi ziddiyyətlərlə və böyük maliyyə çətinlikləri ilə rastlaşırdı. Ermənistan hökuməti universitetə bir qəpik də pul vermirdi, Gürcüstan hökuməti isə onu gürcü universiteti üçün rəqib sayırdı. Elə bu səbəblərdən onun Tiflisdə fəaliyyət göstərməsi mümkün olmayacaqdı. Nəticədə, universitetin rəhbərliyi sonrakı illərdə Yekaterindorf, İrəvan və ya Bakıda fəaliyyət göstərə bilməsi üçün danışıqlara başlayır. Belə bir vaxtda Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakı şəhərində universitetin açılmasına böyük əhəmiyyət verirdi. Maarif və dini işlər naziri olan Nəsib bəy Yusifbəyli də bu işi reallaşdırmaq üçün bütün bilik və bacarığını sərf edirdi. Azərbaycan hökuməti millətin taleyində ali təhsilin rolunu düzgün qiymətləndirərək, ictimai, siyasi və mədəni tələbatı nəzərə alaraq, universitetin məhz Bakıda açılması üçün əməli fəaliyyətə başlayır. Bu dövrdə Azərbaycanın Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Həbib bəy Mahmudbəyov, Abbas Səhhət, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Üzeyir Hacıbəyli kimi mütərəqqi ziyalıları və ictimai xadimləri öz qabaqcıl ideyalarını ali məktəblə bağlayırdılar. Ölkənin intellektual potensialı və iqtisadi gücü də universitetin fəaliyyətə başlamasına imkan verirdi.V.İ.Razumovski yazırdı: «1919-cu ilin əvvəllərində Azərbaycan Respublikasının xalq maarif naziri Həmid bəy Şahtaxtinski Tiflis şəhərinə gəldi. O, Zaqafqaziya rus universitetini Bakıya köçürmək təklifi ilə gəlmişdi, yaxşı binalar, maddi təminat və s. vəd etdi». Zaqafqaziya rus universitetinin Tiflisdə fəaliyyət göstərə bilməməsi professorlar şurasının arasında köçməklə bağlı mübahisə və danışıqların uzanmasına səbəb olmuşdu. Belə bir vəziyyətdə 1919-cu il martın sonunda rektor V.İ.Razumovski universitet şurasının iclasında Bakıdan alınmış təkliflərin daha real, sanballı olmasını əsas göstərib, məhz bu şəhərə köçmək haqqında təklif irəli sürür. O qeyd edir ki, Azərbaycan hökuməti universitetin açılması üçün hər il 5 milyon, kənd təsərrüfatı institutu üçün isə 500 min rubl vəd edir. Bundan başqa, universitet kitabxanası üçün 300 min rubl, universitetə tam yararlı klinika və avadanlıqla yaxşı təmin edilmiş xəstəxana və s. verməyi də öhdəsinə götürür. Universitet şurasının iclasında ermənilər bunun əleyhinə olsalar da, çoxluq universitetin Bakıya köçürülməsi təklifini müdafiə edir. Köçmək məsələsini birdəfəlik həll etmək üçün tələbələrin də nümayəndəsinin daxil olduğu komissiya yaradılır. Rektor V.İ.Razumovski, tələbə təmsilçiləri, həmçinin professorlar N.A.Dubrovski, L.A.İşkov və İ.S.Sito­viçdən ibarət nümayəndə heyəti Cümhuriyyət hökuməti ilə danışıqlar aparmaq, yerində real vəziyyətlə tanış olmaq üçün Bakıya göndərilir. Bakıda danışıqlar zamanı aydın olur ki, həm ictimai qüvvələr, həm də hökumət universitetin açılmasında çox maraqlıdır və onun normal fəaliyyəti üçün lazım olan hər cür fədakarlığa hazırdır. 1919-cu il mayın əvvəllərində Azərbaycan hökuməti Bakı Dövlət Univeristetinin təsis edilməsi ilə əlaqədar sənədləri və müvafiq tədbirləri hazırlamaq, eləcə də universitetin açılmasını sürətləndirmək üçün Xalq Maarif Nazirliyi nəzdində universitet komissiyasının yaradılması haqqında səkkiz maddədən ibarət olan əsasnamə qəbul edir. Orada Xalq Maarif Nazirliyi nəzdində Bakı şəhərində dövlət universitetinin təşkili üçün professor V.İ.Razumovski (sədr), prof. N.A.Dubrovski, A.M.Levin, İ.Ş.Sitoviç və müəllim L.A.İşkovdan (üzvlər) ibarət olan universitet komissiyasının təsis edilməsi nəzərdə tutulurdu. Bundan başqa, əsasnamədə göstərilirdi ki, komissiyanın işində həlledici səslə Xalq Maarif Komissarlığının, Bakı şəhər özünüidarəsinin və neft sənayeçiləri qurultayı şurasının nümayəndələri də iştirak edə bilərlər və komissiyanın öz tərkibinə digər şəxsləri də məşvərətçi səs hüququ ilə daxil etmək səlahiyyəti var. Komissiya həmçinin iclasların protokolunu tərtib etmək, katib və kargüzar saxlamaq ixtiyarına malik idi. Eyni zamanda, həmin sənəddə komissiyanın əsas vəzifələri göstərilirdi: Dövlət Universiteti haqqında qanun layihəsini, onun nizamnaməsini, ştatını və smetasını hazırlayıb hökumət vasitəsilə parlamentin təsdiqinə vermək. Bundan başqa, universitetin təşkili, qurulması, avadanlıqla təmin edilməsi üçün komissiyaya dərhal hazırlıq işlərinə başlamaq tapşırığı verilmişdi. Bu məqsədlə hökumətin Xalq Maarif Nazirliyinin sərəncamına bir milyon manat vəsait ayırdığı bildirilirdi. Komissiyaya həmçinin bir sıra səlahiyyətlər də verilmişdi: ayrı-ayrı məsələləri həll etmək üçün yardımçı komissiyalar yaratmaq, işi təşkil etmək üçün müxtəlif xüsusi məsələlər üzrə ekspertlər cəlb etmək, müxtəlif xüsusi məqsədlər üçün digər şəhər və dövlətlərə nümayəndələr göndərmək. Komissiyanın bütün qərarları Xalq Maarif Nazirliyi tərəfindən icra və təsdiq olunurdu. 1919-cu il iyunun 16-da Nazirlər Şurası universitet komissiyasının ştatını təsdiq edir və aylıq məvaciblərini müəyyənləşdirir. Bu komissiyaya professorlarla yanaşı, Xalq Maarif Nazirliyindən əvvəlcə V.İrzayev, sonra M.A.Şahtaxtinski, Bakı Bələdiyyə İdarəsinin nümayəndəsi Əlicabbar Orucəliyev, Neft Sənayeçiləri Qurultayı Şurasının nümayəndəsi A.N.Saparov, Məlik bəy Sultanov, komissiya katibi İ.A.Babuşkin daxil idilər. Bundan başqa, komissiyaya məşvərətçi səslə Bakının üç müalicə müəssisəsinin baş həkimləri, həmçinin kimyaçı L.Q.Qureviç, zooloq K.N.Derjavin, əczaçılıq magistri İ.K.Qoldberq də cəlb olunmuşdular. 1919-cu il mayın 19-da hökumət Xalq Maarif Nazirliyi yanında universitet komissiyasını təsdiq edir. Komissiyanın vəzifələrinə universitet üçün ayrılmış iki binanın – ticarət məktəbinin və birinci gimnaziyanın tədris ili başlayana qədər uyğunlaşdırılması, auditoriyaların və laboratoriyaların avadanlıqlarla təchiz edilməsi, mebellərin, müxtəlif aparat və cihazların, kitabların və s-nin alınması da daxil idi. Komissiyanın 1919-cu il mayın 21-də keçirilən birinci iclasında xalq maarif naziri Rəşid bəy Qaplanov çıxış edərək, universitetin açılması barədə Azərbaycan hökumətin mövqeyinin qəti olduğunu, arzu edənlərin hamısının orada təhsil ala biləcəklərini vurğulayır. O qeyd edir ki, hökumət universitetin açılması və avadanlıqla təchiz edilməsi üçün lazım olan vəsaiti əsirgəməyəcəkdir. Komissiyanın iclasında İ.Ş.Şitoviç, L.Q.Qureviç, M.Sultanov, Ə.C.Orucəliyev, İ.K.Qoldberq, A.M.Levin, V.İ.Razumovski, N.A.Dubrovski, A.N.Saparov, L.A.İşkov, A.V.Selixanoviç və İ.A. Babuşkindən ibarət üzvlər olmaqla inventar işləri, klinikanın təşkili, kitabxana və mənzil məsələləri üzrə yardımçı komissiyalar təşkil edildi.Azərbaycan hökumətinin başçısı Nəsib bəy Yusifbəyov may ayının 27-də universitet komissiyasının nümayəndələrini qəbul edir. Nümayəndələr işin gedişi haqqında məlumat verərək, komissiya üzvlərindən bir neçəsini elmi avadanlıqlar almaq üçün Qərbi Avropa ölkələrinə ezamiyyətə göndərməyə icazə verməyi xahiş edirlər. N.Yusifbəyov ən qısa zamanda onların təklif və xahişlərinin yerinə yetiriləcəyini bildirir. Universitet komissiyası az bir vaxtda gərgin əmək sərf edərək, çox səmərəli işlər görür: may ayının 31-də komissiya Bakı Dövlət Universitetinin açılması haqqında bəyannaməni, Bakı şəhərində Dövlət Universitetinin təsis edilməsi haqqında qanun layihəsini və ona əlavə edilən izahlı qeydləri, Universitetin nizamnaməsini, 1919/20-ci tədris ili üçün tərkibində Şərq şöbəsi olmaqla tarix-filologiya fakültəsinin və tibb fakültəsinin ştatlarını və smetasını hazırlayıb Xalq Maarif Nazirliyinə təqdim edir. İyun ayının axırlarında vaxtdan səmərəli istifadə edən universitet komissiyası Maarif Nazirliyinə təqdim etdiyi qanun layihəsi əsasında universitetin təşkili, qurulması və avadanlıqla təchiz edilməsi üçün ona 3,5 milyon manat ayrılmasını xahiş edir. Universitetin açılmasına böyük əhəmiyyət verən hökumət maarif naziri R.Qaplanovun müzakirəyə təqdim etdiyi sənədləri müsbət qarşılayır və o dövrdə ciddi maddi sıxıntı keçirməsinə baxmayaraq, hətta tələb olunan vəsaitin məbləğini artırıb, 5 milyon manata çatdırır. Universitet komissiyasının Maarif Nazirliyi vasitəsilə təqdim etdiyi sənədlər toplusunu və qanun layihəsini iyulun 7-də hökumət geniş və əhatəli şəkildə müzakirə edib, əlavə və müəyyən dəyişikliklərlə qəbul edir.Hökumətin qəbul etdiyi sənədlər 1919-cu ilin iyul-avqust aylarında, əvvəlcə, parlamentin qanunvericilik, büdcə-maliyyə komissiyalarında və parlamentdə təmsil olunan partiyaların fraksiyalarında qızğın müzakirə edilir. Bu müzakirələr zamanı aydın olur ki, həm ictimaiyyətin, hökumətin, həm də parlamentin içərisində universitetin açılmasının əleyhdarları da var. Universitetin açılmasına qarşı çıxanlar belə hesab edirdilər ki, tədrisin rus dilində aparılması buraya dəvət olunan rus professorlarına tələbələr arasında ruslaşdırma təbliğatı aparmaq imkanı verəcəkdir. Onların fikrincə, bu alimlər tələbələrə elm öyrətməkdən daha çox, missionerlik edərək çarizmin milli siyasətini təbliğ edəcəklər. Bu amili əsas göstərərək, onlar milli kadrlarımızın yetişməsinə qədər gözləməyi məsləhət görür­dülər. Qeyd edək ki, bu diskussiya parlamentin komissiyalarında, plenar iclaslarında, mətbuat səhifələrində, siyasi partiyalarda, hətta hökumətdə də aparılırdı. Tədrisi rus dilində olacaq universitetin açılmasının əleyhdarları tələbə gənclər arasında da fəal təbliğat işi aparırdılar. Bu cəhətdən xüsusilə şovinist «Daşnaksütun» partiyasından olan erməni millətçiləri, mürtəce «Slavyan-rus cəmiyyəti», eləcə də «İttihad», «Əhrar» partiyaları, «Müsəlman sosialist bloku» daha çox fərqlənirdilər. Mətbuatda tədrisi rus dilində aparacaq universitetin açılmasına mənfi münasibət bəsləyən yazılar və gənclər qrupunun qəbul etdiyi qətnamələr çap edilməyə başlayır. Hətta belə təkliflər də səslənir ki, Azərbaycan üçün universitet yaratmaq əvəzinə, müəyyən sayda gənci təhsil almaq üçün Qərbi Avropaya göndərmək daha sərfəlidir. Bu zaman universitetin bir mədəniyyət ocağı kimi bütün bölgə üçün əhəmiyyəti, həm də onun təkcə himayəsi və maddi imkanı olan bir qrupa deyil, maariflənmək, biliklərə yiyələnmək, dünya mədəniyyətinə qovuşmaq arzusunda olanların hamısına xidmət göstərəcəyi ya unudulur, ya da qəsdən yada salınmırdı. Hər bir halda bunun təsadüfi deyil, qəsdən müəyyən qüvvələr tərəfindən yönəldilən bir proses olduğunu bu gün aydın görmək olur və buna heç bir şübhə qalmır. Vəziyyətin belə olduğunu görən universitet komissiyasının sədri V.İ.Razumovski hökumətin və parlamentin nüfuzlu üzvləri, eləcə də ictimaiyyət arasında söz sahibi olan qabaqcıl ziyalılarla görüş keçirib onları əmin edir ki, yeganə məqsədləri gənclərə elm öyrətməkdən ibarət olacaqdır. Universitetin əleyhinə olan əsassız iddialar mütərəqqi və uzaqgörən parlament üzvləri və qabaqcıl ziyalılar tərəfindən qətiyyətlə rədd edildi. Onlar elmin milli deyil, həmişə beynəlmiləl dəyərlərə söykəndiyini, milli ziyalılarımızın böyük əksəriyyətinin Rusiyada təhsil aldıqlarını, lakin onların ruslaşmadıqlarını əsaslandıra bildilər.İftixarla deyə bilərik ki, Azərbaycan elm və maarifinin ilk milli məbədini yaratmaq yolunda böyük maneələr olmasına baxmayaraq, milli hökumətimiz və ziyalılarımız heç bir çətinlikdən qorxmadan bu işi uğurla başa çatdırdılar. Beləliklə, üç aylıq gərgin müzakirələrdən sonra – 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ictimai fikir tariximizdə, elmin, maarifin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul etdi. «Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında» adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri. Qanunun onuncu maddəsində deyilirdi ki, Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən açılmış hesab olunur. İctimaiyyətin narahatlığını nəzərə alaraq qanunun II maddəsinin 2-ci bəndində qeyd edilirdi ki, bütün fakültələrdə türk dili məcburi fəndir. Bundan başqa, müsəlman və türk dünyasında qadın təhsilinə münasibətin də Avropa parlamentlərinə uyğun gəldiyini göstərən VIII və IX maddələr xüsusi maraq doğurur. Orada göstərilir: «Zaqafqaziya və qeyri Darülfünunların tələbə və taliblərini ... Bakı Darülfünununun eyni kurslarına qəbul etməyə ... ixtiyar verilir. Yeni tələbələr, istər erkək, istər kadın ümumi əsaslar üzrə qəbul olunurlar». Sultan Məcid Qənizadənin sədrliyi, Əhməd Cövdət Pepinovun katibliyi ilə keçirilən parlament iclasında 1919/20-ci tədris ilində 100 nəfər tələbənin xarici ali məktəblərə göndərilməsi haqqında da iki maddədən ibarət qərar qəbul edilir. Orada göstərilirdi ki, 1919/20-ci tədris ilində 100 nəfər abituriyent və tələbənin xarici ali məktəblərə göndərilməsi üçün dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına yeddi milyon manat, Avropaya gedənlərin hər birinə hər ay dörd yüz frank və yol xərci üçün min frank, Rusiyaya gedənlərin hər biri üçün isə hər ay üç min manat və yol xərci üçün üç min manat təyin edilir. Qərarda vurğulanırdı ki, dövlət təqaüdündən istifadə edən tələbələr təhsillərini bitirdikdən sonra hökumətin göstərdiyi yerlərdə dörd il müddətində qulluq etməyə borcludurlar. Qanuna görə, tələbələr xaricə göndərilərkən aşağıdakı şərtlər də nəzərə alınmalı idi: «1. Tələbənin məişət və güzəranını təmin üçün onların üzərinə nəzarət olunsun. 2. Gedənlərin bir qismi riyaziyyat, ədəbiyyat və digər qismi isə təbiət fakültələrinə girməlidirlər». O dövrün iqtisadi çətinliklərinə baxmayaraq, qanunverici orqan universitetin maddi-texniki bazasının möhkəmləndirilməsinə də xüsusi önəm vermişdir. Bununla bağlı qanunun VI maddəsində göstərilirdi ki, 1919/20-ci tədris ilində universitetin təşkili, sahmana salınması və avadanlıqla təchiz edilməsi üçün dövlət xəzinəsi vəsaitindən birdəfəlik olaraq 5 milyon manat buraxılsın. Qanunun VII maddəsində isə universitetin bütün saxlanma xərcləri üçün 1919/20-ci tədris ilində 10 milyon 857 min 500 manat vəsait ayrılması nəzərdə tutulurdu. Universitetin açılması haqqında tanınmış ziyalıların, qabaqcıl siyasi xadimlərin böyük sevincinə səbəb olan qanun qəbul edilsə də, onun faktiki fəaliyyətə başlaması üçün hələ xeyli əmək sərf etmək lazım gəlirdi. Azərbaycan hökuməti universitet komissiyasının tövsiyəsini, Xalq Maarif Nazirliyinin təqdimatını nəzərə alaraq, 1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektoru və dekanlarının təsdiqi haqqında qərar qəbul edir. Qərarda operativ cərrahiyyə kafedrasının əməkdar professoru V.İ.Razumovskinin rektor, patoloji anatomiya kafedrasının professoru İ.İ.Şirokoqo­rovun, o olmadığı dövrdə isə müvəqqəti olaraq professor A.M.Levinin tibb fakültəsinin, görkəmli tarixçi, publisist, ümumi tarix kafedrasının dosenti N.A.Dubrovskinin tarix-fi­lologiya fakültəsinin dekanı təyin olunduğu göstərilir. Komissiya 1919-cu il sentyabrın 10-da ona verilən səlahiyyətə uyğun olaraq, Rusiyanın bir sıra tanınmış professorlarını, elm adamlarını universitetə işləməyə dəvət edir. Universitet komissiyası axırıncı iclasını 1919-cu il sentyabrın 15-də keçirir. İclasda Müvəqqəti Şura və Universitet İdarə Heyəti yaradılır. Beləliklə, universitetin və kafedraların əsas işçiləri komplektləşdirilmiş olur. Ancaq sentyabrın 20-dən sonra çatışmayan işçiləri cəlb etmək üçün V.İ.Razumovski və N.A.Dub­rovski Rusiyanın cənub universitetlərinin fəaliyyət göstərdiyi şəhərlərə gedirlər. Onlar Rostov-Don, Yekaterinoslav və Xarkov şəhərlərində fəaliyyət göstərən bir sıra alimlərdən Bakıya gəlmələri üçün razılıq ala bilirlər. Belə bir zamanda universitet komissiyasının üzvü, professor V.K.Finkelşteyn avadanlıq, ədəbiyyat və s. almaq üçün Qərbi Avropaya gedir. Bütün bu çətinliklərə baxmayaraq, ilk tədris ilində universitetə ştat üzrə lazım olan 104 nəfər, o cümlədən 43 professor və privat dosent cəlb etmək mümkün olmuşdu.Qeyd etmək lazımdır ki, universitetin yaradılması Cümhuriyyət xadimlərinin Azərbaycan xalqı qarşısında böyük tarixi xidmətlərindən biri idi. Əbəs deyil ki, Cümhuriyyət dövrünün Məmməd Əmin Rəsulzadə, R.Qaplanov və başqaları kimi bir sıra dövlət və siyasi xadimləri həvəslə universitet auditoriyalarında mühazirələr oxuyurdular. Bu mühazirələr, tələbələrlə qurulan ünsiyyət təkcə elm və təhsilə olan marağı artırmırdı, eyni zamanda, xalqın özünə inamının, milli dövlətçilik, vətənpərvərlik hisslərinin daha da güclənməsinə təsir edirdi. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə üç ayadək müzakirədən sonra 1919-cu il sentyabrın 29-da, parlamentin 79-cu iclasında qəbul edilmişdir. 5 fəsil, 72 maddədən ibarət olan nizamnamədə universitetin təşkilati quruluşu, onun elm və tədris sahələrinin fəaliyyəti, professor-müəllim heyətinin vəzifə və hüquqları müəyyənləşdirilmişdi. Qeyd edək ki, parlament tərəfindən təsdiq edilən bu nizamnamə universitet idarəçiliyinin təşəkkülündə mühüm rol oynamışdır.Universitet Şurasının 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibi təsdiq edilir. Nəhayət, uğrunda illərlə mübarizə aparılan sevincli gün yetişir. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilir. Bu xəbər xalqımız, o cümlədən ziyalılar, ictimai-siyasi xadimlər arasında böyük razılıqla qarşılanmışdı. Universitetin ilk rektoru, professor Vasili İvanoviç Razumovski sonralar bu təhsil ocağının fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edərkən yazırdı: «Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xöşbəxt hesab edə bilərik»Lakin Azərbaycanda hər şey arzu edildiyi kimi getmədi. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bolşeviklərin hakimiyyətə gəlməsi respublikanın, o cümlədən Bakı Dövlət Universitetinin də tarixində mürəkkəb bir dövrün başlanğıcını qoydu.Belə bir faktı bir daha vurğulamaq lazımdır ki, sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı bir çox təsisatlar, dövlət rəmzləri və atributlarımız ləğv edilmiş, ilk müstəqil dövlətimizin özü kimi, bunlar da yalnız arxiv sənədlərində və vətənpərvər insanların xatirəsində yaşamalı olmuşdur. Xalq Cümhuriyyətinin yaratdığı möhtəşəm elm abidəsi – Bakı Dövlət Universiteti bu təzyiqlərə davam gətirmiş, uzun illərin sınağından alnıaçıq, şərəflə çıxmışdır. Bu dövr ərzində bir neçə dəfə adı dəyişdirilmiş, əməkdaşları repressiya və təzyiqlərə məruz qalmış, lakin mahiyyəti – vətən övladlarına ziya vermək amalı heç vaxt dəyişməmişdir.Artıq 1920-ci il may ayının 11-də xalq maarif komissarı Dadaş Bünyadzadənin universitetin rektoru V.İ.Razumovskiyə verdiyi sərəncamda universitetdə təlim və tərbiyə işinin lazımi səviyyədə saxlanılacağı göstərilirdi. Sərəncamda həmçinin Sovet Rusiyası ilə əlaqə yaradılacağı, oradan müəllimlərin dəvət olunacağı da bildirilirdi. Təzyiqlər böyük rus alimi V.İ.Razumovskini Bakını tərk etməyə məcbur etdi. Həmin il universitetə məşhur nevropatoloq, Moskva Universitetinin məzunu, sonralar akademik olmuş professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edildi.Yerli kadrlara olan ehtiyacı nəzərə alan hökumət 1921-ci ilin may ayında təhslin türk dilində də aparılması barədə qərar qəbul etdi. Lakin bu cür qərarların qəbul edilməsinə baxmayaraq, universitetə, tədricən, təzyiqlər göstərilir, onun daxilində «təmizləmə» işləri aparılırdı. Bu isə bolşeviklər hökumətinə qəlbi milli hisslərlə döyünən ziyalıların lazım olmaması ilə izah edilə bilər. 1922-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradıldıqdan sonra Azərbaycan təhsili mərkəzə tabe etdirildi, universitetin müstəqillliyinə son qoyuldu. Tədris proqramları və dərsliklər mərkəzdən göndərilirdi. Ölkədə qurulan sovet rejimi Azərbaycan xalqının milli dövlətçilik ənənələrini, milli ruhunu məhv etməyə çalışırdı. Bolşeviklər milli ruhlu alimləri və müəllimləri tədris prosesindən uzaqlaşdırırdı.1922-ci ildə universitetin adı dəyişdirildi və Azərbaycan Dövlət Universiteti qoyuldu. Artıq universitetlə bağlı qərarlar mərkəzdə qəbul olunurdu və onların icrası məcburi idi. Bütün ölkədə olduğu kimi, universitetdə də təhsil sovet ideologiyasına xidmət edirdi. Amma bütün sərt tədbirlərə və məhdudiyyətlərə baxmayaraq, belə siyasət universitetin oynadığı rolu tam poza bilmədi.1923-cü ildə Kazan Universitetinin tarix və fəlsəfə kafedrasını bitirmiş görkəmli filosof və məntiqşünas, 1920-ci ildən Bakı Dövlət Universitetinin professoru Aleksandr Dmitriyeviç Qul­yayev BDU-ya rektor təyin edildi. 1923-cü ildə qəbul edilmiş nizamnamədə universitetin Şərq fakültəsi istisna olmaqla, digər fakültələrində bütün məcburi kursların və məşğələlərin rus dilində aparılması haqqında qərar qəbul edildi. Bu dövrdə universiteti dövlətin siyasətini həyata keçirmək üçün mühüm orqana çevirmək yollarında müxtəlif addımlar atılmasa da, Azərbaycanın milli mənafeyi uğrunda mübarizə aparan qüvvələrin səyi nəticəsində bütövlükdə universitet özünün əsl simasını qoruyub saxlaya bilmişdi. Həmin illərdə universitetin elmi və siyasi həyatında ən mühüm hadisələrdən biri onun türkləşdirilməsi probleminin irəli sürülməsi olmuşdur. Bu barədə 3 aprel 1927-ci ildə qəbul edilmiş «AK(b)P MK Rəyasət Heyətinin Azərbaycan Dövlət Universiteti haqqında əməli təklifləri» adlı sənəddə göstəriş verilmişdi.Universitetdə bu prosesin başlanması birmənalı qarşılanmır, digər millətlərdən olan professor-müəllim heyəti bunu öz mənafeyinə təhlükə kimi qarşılayaraq, türk millətinin intellektual səviyyəsinin aşağı olması iddiası ilə çıxış edir. Lakin universitetdə türkləşdirmə siyasəti ehtiyatla, digər millətlərdən olanları qorxutmadan həyata keçirilirdi. Bundan əsas məqsəd azərbaycanlı tələbələrin, akademik işçilərin və Azərbaycan dilini bilənlərin sayını artırmaq idi. Bu isə, öz növbəsində, Azərbaycan dilində mühazirələrin, məşğələlərin artmasına gətirəcəkdi. Bu dövrdə Azərbaycanın tanınmış ziyalılarından professorlar S.Kazımov, H.Şahtax­tinski, M.İbrahimov, M.R.Əfəndiyev, S.Hüseynov, M.K.Ələkbər­li, T.Şahbazi, Ə.Haqverdiyev, B.Talıblı, F.Rzabəyli, M.Topçuba­şov, A.Hacıyev, A.Talışinski bə başqaları universitetə işə götü­rülmüşdülər. Məhz bu cəsarətli addımlar sayəsində 1927-1930-cu illərdə universitet tələbələri arasında azərbaycanlıların sayı artır, ana dilində müxtəlif elm sahələrinə dair tədqiqat əsərləri, dərsliklər hazırlanırdı. Bu məsələyə güclü təsir göstərən amillərdən biri 1926-cı ildə ilk azərbaycanlı rektorun – Tağı Şahbazinin təyin olunması oldu. Lakin 1929-cu ildə onu kənarlaşdıraraq 1929-cu ildə görkəmli rus alimi Vladimir Sergeyeviç Yelpatyevskini rektor təyin edirlər.Yeri gəlmişkən, 1994-cü ildə universitetin 75 illik yubileyi qeyd edilərkən ulu öndərimiz Heydər Əliyev bu tarixi əhəmiyyətli hadisələrə olduqca dəqiq qiymət vermişdir: «Bakı Dövlət Universitetinin bütün digər xidmətləri ilə yanaşı, Azərbaycan xalqının ana dilinin inkişafındakı xidmətlərini xüsusi qeyd etməliyik. Universitet yaranarkən müəllimlərin əksəriyyəti azərbaycanlı olmamışdır. Ancaq sonrakı mərhələlərdə universitet Azərbaycanda xalqımızın ana dilinin inkişaf etməsi üçün, təbliğ olunması üçün böyük işlər görmüşdür. Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ancaq əgər keçmişə nəzər salsaq, bu gün zəngin, yüksək mədəni səviyyədə olan, çox geniş söz ehtiyatına malik olan ədəbi, mədəni dilimiz həmişə belə olmamışdır. Onu yaradanlar olub, elmi əsasını quranlar olub, inkişaf etdirənlər olub. Bu, müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyət səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Bu baxımdan Bakı Dövlət Universitetinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır... Azərbaycanda milli azadlıq hərəkatının yaranması, inkişaf etməsi, tariximizin səhifələrinin təxribatdan, təhriflərdən qorunması, əsrlərdən-əsrlərə xalqımızın böyük mədəniyyətə malik olması, böyük mənəviyyat sahibi olması – bunlar hamısı XX əsrdə alimlərimizin, ali təhsil ocaqlarında çalışanların fəaliyyəti nəticəsində olmuşdur. Bu sahədə Bakı Dövlət Universitetinin xidmətləri çox böyükdür».BDU 30-CU İLLƏRDƏ1929-cu ildə universitetin on illiyinin ümumrespublika səviyyəsində qeyd edilməsi qərara alındı və bu tədbir 1930-cu ilin yanvar ayında təntənəli surətdə həyata keçirildi. Bundan bir qədər sonra isə universitetin həyatında mürəkkəb və qaranlıq hadisələr başladı. 1930-cu ilin iyun ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Dövlət Univer­sitetinin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar yaradıldı. Respublikada yeni institutların açılması ölkənin həyatında ali təhsilin inkişafında irəliyə doğru atılmış bir addım olsa da, əslində, bunun arxasında daha dərin problemlər dayanırdı. Bu tədbirləri universiteti bağlamadan da həyata keçirmək olardı. İmperiya qüvvələri bu addımı Azərbaycanın düşünən beyinlərindən, milli ruhlu ziyalılarından qorxduqları üçün atmışdılar. Başlıca səbəb buraya qısa bir zamanda intellektual səviyyəsi çox yüksək olan milli ziyalıların toplaşması, Azərbaycanın gələcəyini fikirləşən aydın düşüncəli insanların yığışması idi. Lakin təhsilin və elmin bayraq­darı olan universiteti də imperiya həmişəlik bağlaya bilmədi. Fədakar ziyalılarımızın gərgin əməyi nəticəsində 1934-cü ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə, ziyalılığın məbədgahına çevrildi.Bununla belə, 30-cu illərin amansız repressiyaları universitetin milli ruhlu kollektivindən də yan keçmədi. Bu illər universitet həyatı üçün dəhşətli, qorxulu və səksəkəli illər oldu. Universitet tarixinin ən çətin illərindən olan 1937-ci ildə universitetin rektoru görkəmli ictimai-siyasi xadim, Azərbaycan təhsil sistemində xüsusi yeri olan Əziz Məmmədkərim oğlu Əliyev olmuşdur. İlk təhsil ocağımızın keçdiyi keşməkeşli yola nəzər salarkən görürük ki, Azərbaycanın bugününü, onun dünya şöhrətli elmini, iqtisadiyyatını, mədəniyyətini, alimlər ordusunu, bütövlükdə müasir Azərbaycan cəmiyyətini bu elm məbədinin fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Etiraf etmək lazımdır ki, universitetin yaranmasında və ilk illərində əcnəbi alimlərin, xüsusən rus alimlərinin müstəsna xidmətləri olmuşdur. Sonralar istedadlı Azərbaycan ziyalılarının BDU-nu milliləşdirmək, milli zəmində inkişaf etdirmək uğrunda mübarizə aparmaları azadlıq ideyalarının, milli özünüdərkin təşəkkül tapmasına çalışmaları sovet çərçivəsində düşünən sərt rejim tərəfdarlarını təşvişə salmış və repressiyalara yol açmışdı. Bakı Dövlət Universitetindəki bir çox milli kadrlar, qabaqcıl ziyalılar da imperiya siyasətinin qurbanı olmuşlar. Lakin SSRİ tərkibində olduğumuz sonrakı illərdə də Azərbaycan alimlərinə, ziyalılarına təzyiqlər sən­giməmişdir. Təqiblər, hədə-qorxular ziyalılarımızın fəaliyyətini məhdudlaşdırır, onların müstəqilliyini əllərindən alırdı. Bu səbəbdən də 37-ci il repressiyalarının ağırlıq mərkəzi BDU-nun müəllim və məzunlarının üzərinə düşmüşdü. Bu dövrdə yüzlərlə professor, müəllim, işçi və tələbəyə «xalq düşməni», türkçü, turançı, pantürkçü, panislamçı damğaları vuruldu. O illərdə amansız Stalin repressiyalarının qurbanı olmuş, Sibirin həbs düşərgələrinə sürgün olunmuş və ya güllələnmiş Ə.Nazim, A.Bukşpan, Ə.Qubaydullin, V.Xuluflu, B.Çobanzadə, T.Şahbazi, H.Şahtaxtinski, M.Ələkbərli kimi unudulmaz ziyalılarımızın xatirəsi bu gün dərin hörmət və ehtiramla yad edilir.Azərbaycan mədəniyyəti, elmi, ziyalılığı tarixinə qanlı hərflərlə yazılan 1937-ci il həmin keyfiyyətləri özündə təcəs­süm etdirən Bakı Dövlət Universitetinə ağır zərbələr vurdu. Bir faktı qeyd etmək kifayətdir ki, yalnız 1937-ci ildə 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin Universitetin rektoru olmuş xalqımızın 4 görkəmli ziyalısı (Tağı Şahbazi, Maqsud Məm­mədov, Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov) ən ağır cəzaya – güllələnməyə məhkum edildi. Bu insanların hər birinin Azərbaycan ziyalılığının formalaşmasında və təşəkkülündə müstəsna xidmətləri var idi. 1937-ci ildə əsən sərt küləklər xalqımızın bir çox gərəkli övladları kimi, Universitetin 100 nəfərədək ziyalısını da məhvə məhkum etmişdi. Onların ümumiləşdirilmiş taleyi kimi, rektorların faciəli sonluqla başa çatan həyatlarını bir qədər geniş təqdim etmək istərdim.Repressiya illərində günahsız yerə həyatına son qoyulan ziyalılardan biri yazıçı, publisist, ictimai xadim, 1892-ci ildə Bakı şəhərində anadan olmuş Tağı Abbas oğlu Şahbazi idi. Tağı Şahbazi 1926-cı ildə Leninin adını daşıyan Azərbaycan Dövlət Universitetinə təyin edilən ilk azərbaycanlı rektor olmuş və bu vəzifədə 1929-cu ilə qədər işləmişdir. O, gənc yaşlarından məsul işlərdə çalışmış, Azərbaycanda sovet rejimi qurulduqdan sonra da bir sıra mühüm vəzifələrdə işləmişdir. Belə ki, rektor təyin edilənə qədər Bakı Səhiyyə şöbəsinin müdiri, Azərbaycan SSR Xalq Maarif Komissarlığında nazir müavini, «Maarif və mədəniyyət» jurnalının baş redaktoru, Azərbaycanı öyrənən və təbliğ edən Cəmiyyətin təşkilatçılarından biri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin üzvü və katibi olmuşdur. T.Şahbazi 1937-ci il noyabrın 2-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən həbs edilmişdir. O, guya əksinqilabi millətçi mövqedə durmuş və əksinqilabi millətçi təşkilatın tərkibinə daxil olmuş, Sovet höküməti əleyhinə silahlı üsyana hazırlıq haqqında və əksinqilabi təşkilatın AK(b)P-in rəhbərlərinə qarşı terror tətbiq etmək haqqındakı niyyətlərindən xəbərdar olmuşdur. 1938-ci il yanvarın 2-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası qapalı şəraitdə, müdafiəçisiz, ittihamçısız və şahidlərsiz keçən məhkəmə iclasında T.Şahbazini əmlakı müsadirə olunmaqla ən ağır cəzaya – güllələnməyə məhkum etdi.1929-1930-cu illərdə BDU-nun rektoru olmuş Maqsud Məmməd oğlu Məmmədov 1897-ci ildə İrəvan şəhərində anadan olmuş, oradakı kişi gimnaziyasını bitirdikdən sonra bir müddət İrəvan xüsusi məktəbində müəllim işləmişdir. O, 1918-ci ildə Gəncə şəhərində qaçqınların işi üzrə komitədə kiçik nəzarətçi işləmiş, 1918-1919-cu illərdə Gəncə şəhərindəki Yunker hərbi məktəbində, 1919-1920-ci illərdə isə BDU-da oxumuşdur. 1920-ci ildən sonra Məm­mədov rəhbər vəzifələrdə işləmiş, 1920-1923-cü illərdə Azərbaycanın ərzaq naziri, sonra isə Naxçıvanda Fövqəladə Xalq Maliyyə Komissarlığında çalışmışdır. 1930-cu ildə M.Məmmədov BDU-nun rektorluğundan Azərbaycan SSR Xalq Maarif Komissarı vəzifəsinə irəli çəkilmiş və burada bir il işləmiş, 1931-1933-cü illərdə Az.K(b) P MK-nın katibi, 1933-1934-cü illərdə Partiya Tarixi İnstitutunun direktoru olmuşdur. O, 1934-1936-cı illərdə Moskvada Qırmızı Professorlar İnstitutunda təhsil almışdır. Azərbaycan Dövlət Nəşriyyatının direktoru olarkən 1937-ci ilin sentyabrında Azərbaycan SSR XDİK DTİ-si tərəfindən həbs olunmuş və 1938-ci il sentyabrın 5-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiasının qərarı ilə Az.SSR CM 64, 69, 70 və 73-cü maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmuş və güllələnmişdir.1905-ci ildə qədim Azərbaycan torpağı olan Dərbənddə anadan olmuş Məmmədkazım Ələkbər oğlu Ələkbərli 1934-cü ildə BDU bərpa edilərkən onun rektoru vəzifəsinə təyin edildi. O, bu vəzifədə 1935-ci ilin yanvarına qədər işlədi. M.Ələkbərli 1921-1924-cü illərdə Xalq Təhsil Şöbəsində müəllim işlədikdən sonra Ali Pedaqoji İnstituta daxil olmuş və oranı 1927-ci ildə bitirmişdi. Ali təhsili başa vurduqdan sonra bu 22 yaşlı gənc Gəncə Xalq Təhsil Şöbəsinə müdir təyin edilmiş, 1931-ci ilə qədər bu vəzifədə çalışmaqla yanaşı, həm də qəzet redaktoru olmuşdu. M.Ələkbərli 1931-1934-cü illərdə Moskvada Qırmızı Professorlar İnstitutunda təhsil almış, buradakı təhsilini bitirər-bitirməz BDU-ya rektor təyin olunmuş, Fəlsəfə kafedrasının müdiri seçilmişdi. Rektorluqdan azad olunduqdan sonra o, 1937-ci ilə qədər «Vışka» qəzetinin redaktoru, az bir müddətdə isə Azərbaycan Partiya Nəşriyyatının direktoru işləmişdir. 1934-cü ildən Azərbaycan Yazıçılar İttifaqının sədri idi. Bu görkəmli ictimai-siyasi xadim öz ağlı, bacarığı, istedadı ilə həyatın ən ağır keşməkeşlərindən keçə bilsə də, repressiyadan yaxasını qurtara bilmədi. O, 1937-ci ilin avqustunda «Əksinqilabi burjua millətçi təşkilatın fəal üzvü, Sovet hökumətinə qarşı silahlı üsyan haqqında xəbəri olan, RK(b)P və sovet hökumət rəhbərlərinə qarşı terror mövqeyində dayanan şəxs» kimi həbs edildi. 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının müdafiəçisiz, ittihamçısız və şahidlərsiz keçən qapalı məhkəmə iclasında Məmmədkazım Ələkbər oğlu Ələkbərli əmlakı müsadirə olunmaqla ən ağır cəzaya – güllələnməyə məhkum edildi.Repressiyaya məruz qalanlardan biri də həbs olunarkən BDU-nun rektoru vəzifəsini daşıyan Balabəy Cabbar oğlu Həsənbəyov olmuşdur. 1899-cu ildə Gəncə şəhərində anadan olmuş B.Həsənbəyov Moskvada Qırmızı Professorlar İnstitutunu qurtardıqdan sonra respublikanın elmi həyatında yaxından iştirak etmişdir. Professor B.Həsənbəyov qısa müddətdə respublikanın görkəmli iqtisadçı (sovet hakimiyyəti illərində bu elm sahəsi siyasi iqtisad adlanırdı) alimlərindən birinə çevrilmişdir. O, alim, yaxşı maarif təşkilatçısı kimi Azərbaycanın hüdudlarından kənarda da tanınan, qəbul edilən şəxslərdən olmuşdur. B.Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin BDU-da siyasi iqtisad kafedrasına başçılıq etmişdir. 1937-ci ildə yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən professor, BDU-nun rektoru B.Həsənbəyov «əksinqilabi trotskiçi təşkilatın üzvü olub RK(b)P-yə və Sovet hökümətinə qarşı mübarizə vasitəsi kimi hökümət əleyhinə silahlı üsyan hazırlanmasında iştirak etmiş, mədəni cəbhədə ziyankarlıq işi aparmış, terrorun tərəfində durmuşdur» kimi heç bir əsası olmayan ittihamlarla həbs olunmuşdur. 1937-ci il oktyabrın 11-də B.Hə­sənbəyovun işi ilə bağlı SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının saat 1745-də işə başlayan və cəmi 15 dəqiqə davam edən iclası keçirildi. İttihamçısız və şahidlərsiz keçən bağlı məhkəmə iclasında B.Həsənbəyov əmlakı müsadirə olunmaqla ən ağır cəzaya – güllələnməyə məhkum edildi.Ümumiyyətlə, milli vətənpərvərlik mövqeyində durması universitet üçün o dövrdə müxtəlif problemlər yaratmışdır. Hətta Sovet hakimiyyəti illərində universitetin adı da dəfələrlə müxtəlif dəyişikliklərə məruz qalmışdır: 1922-ci ildə Bakı Dövlət Universitetinin adı dəyişdirilərək Azərbaycan Dövlət Universiteti adlandırılır. Belə qərar verilməsinin səbəbi BDU-nun təkcə Azərbaycan üçün deyil, qonşu respublikalar üçün də mədəniyyət ocağı olması ilə izah edilirdi. Bu fakt isə özlüyündə BDU-nun ali təhsilin yayıcısı kimi fəaliyyət dairəsinin yalnız müasir dövrümüzdə deyil, yarandığı gündən etibarən hər zaman Azərbaycanın hüdudlarından çox-çox kənara çıxmasını bir daha sübut edir. 1924-cü ildə universitetin əsl yaradıcılarını xalqın şüurundan silmək üçün növbəti tədbir həyata keçirilir: universitetə bolşeviklərin rəhbəri V.İ.Leninin adı verilir. 1939-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 aprel tarixli fərmanı ilə Azərbaycan Dövlət Universitetinə vaxtilə Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş S.M.Kirovun adı verilir. 1991-ci ildə isə Bakı Dövlət Universitetinə bu ali təhsil ocağının yaradılmasında fəal iştirak etmiş M.Ə.Rəsulzadənin adı verilmişdir. Nəhayət, 2001-ci ildən universitet ilk təsis edildiyi kimi, Bakı Dövlət Universiteti adı ilə təsdiqlənmişdir.BDU II DÜNYA MÜHARİBƏSİNDƏ VƏ SONRAKI İLLƏRDƏII Dünya müharibəsi universitetin də həyatına mənfi təsir etdi, tədris prosesi ağır vəziyyətə düşdü. 1941-ci il iyunun 22-də – müharibənin başlandığı ilk gündə universitetin rektoru Cəbrayıl Ağəli oğlu Ələsgərovun cəbhəyə getməsi bütün müəllim-tələbə kollektivi üçün bir çağırış oldu. Bir neçə gün ərzində universitetin 159 müəllimi, 23 aspirantı, 1141 tələbəsi səfərbərliyə alındı, silaha sarılaraq ön cəbhəyə getdi. 1940-41-ci dərs ilində universitetin bütün məzunları və 200 tələbə cəbhəyə yollandı. Onlar həm döyüşən hissələrdə, həm də Avropa ölkələrində partizan və müqavimət hərəkatında fəal iştirak etdilər. Döyüşən ordu sıralarına çağırılmayanlar isə arxa cəbhədə öz əməkləri ilə fərqləndilər.Müharibənin ən ağır dövründə – 1941-1944-cü illərdə universitetə dos. Şamil Rəhim oğlu Əliyev rektorluq etmişdir. Amansız müharibə universitetin fəaliyyətinə ağır zərbə vursa da, onun kollektivi bu ağır sınaqdan şərəflə çıxdı. Elə həmin çətin illərdə universitet alimləri beynəlxalq əhəmiyyəti olan bir sıra kəşflərə imza atdılar. Bunlara ən parlaq misal akademik Yusif Məmmədəliyevin donmayan sürtkü yağlarını kəşf etməsini göstərmək olar ki, müharibə illərində hərbi aviasiya sənayesində Sovet təyyarələri üçün bu tapıntı həlledici rol oynadı. Müharibədən sonrakı dövr universitet həyatının canlanması ilə müşayiət olunurdu. Lakin ağır müharibənin yaratdığı çoxlu problemlər də mövcud idi. Dərs vermək üçün yüksəkixtisaslı müəllimlər, dərslik, dərs vəsaitləri, auditoriya və laboratoriyalar, avadanlıqlar çatışmırdı. Bu dövrdə universitet kollektivinin qarşısında duran mühüm vəzifələrdən biri müharibənin törətdiyi ağır fəsadları aradan qaldırdmaq, universiteti inkişaf etdirmək idi. Universitet kollektivi böyük ruh yüksəkliyi ilə həmin vəzifələrin yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərdi. Universitetdə tədris və elmi həyat canlandı, təşəbbüskarlıq artdı. Müharibənin sona çatmasından sonrakı ilk illərdə universitetdə bir neçə yeni fakültə və ixtisas açıldı, kafedra və laboratoriyalar təşkil edildi, bir sıra əsaslı dəyişikliklər aparıldı.Ötən əsrin 50-ci illərinin ortalarında sovet cəmiyyətində baş verən nisbi yumşalma universitet həyatına da müsbət təsir etdi. Lakin bu vəziyyət çox uzun sürmədi. Yenidən milli ruhun sıxışdırılması prosesi başladı. Mərkəzin nəzarəti sərtləşdirildi, təhsildə yersiz siyasiləşdirmə və ideologiyalaşdırma daha da gücləndirildi. Bütün bunlara baxmayaraq, universitet öz inkişafından qalmadı, burada yeni fakültələr yaradıldı, laboratoriyalar açıldı. Beləliklə, artıq universitet ölkədə ən güclü elmi mərkəzə çevrildi.Ümumiyyətlə, 40-50-ci illər universitetin həyatında xüsusi yüksəliş illəri kimi qiymətləndirilə bilər. Xalqımızın 4 böyük ziyalısının həmin illərdə universitetə rəhbərlik etməsi dediklərimizin bir sübutudur. 1944-1950-ci illərdə akademik Abdulla İsmayıl oğlu Qarayev, 1950-1954-cü illərdə prof. Cəfər Xəndan Zeynal oğlu Hacıyev, 1954-1958-ci illərdə akademik Yusif Heydər oğlu Məmmədəliyev, 1958-1965-ci illərdə akademik Şəfayət Fərhad oğlu Mehdiyev kimi böyük təhsil və elm təşkilatçılarının rəhbərliyi universitetə yeni inkişaf stimulları gətirdi.Qeyd etmək lazımdır ki, ümumiyyətlə, universitet yarandığı ilk günlərdən yalnız tədrislə deyil, həm də tədqiqat işləri ilə məşğul olmuşdur. İlk dövrlərdə elmi institutlar olmadığı üçün kafedra və laboratoriyalarda aparılan elmi-tədqiqat işlərinə 1920-ci ildə yaradılmış Elm cəmiyyəti, sonra isə Elm komitəsi rəhbərlik etmişdir. Elmi-tədqiqat işlərinin genişlənməsi elmin müxtəlif istiqamətlərində kəşflər etməyə, dərsliklər hazırlamağa imkan verirdi. Beləliklə, artıq 20-ci illərin ortalarında Azərbaycan dilində «Türk-tatar ləhcələrinin öyrənilməsinə giriş», «Dilçilik kursu», «Fars ədəbiyyatı tarixi kursu», «Eksperimental psixologiya kursu», dördcildlik «Şərqşünaslıq xəbərləri» çap edilmişdi. Bunlar universitetin elmi sahədəki ilk uğurlarının göstəriciləridir. 1921-ci ildən bugünə kimi universitetin dövri mətbuat orqanı olan «Elmi Xəbərlər» müntəzəm olaraq çap edilir. Bu gün həmin jurnal universitet alimlərinin elmi araşdırmalarını əks etdirən mötəbər mətbuat orqanlarından biridir. Universitetin elmi araşdırmalarının nəticəsi olaraq, 50-ci illərin ortalarından yüksək elmi səviyyədə hazırlanmış dərsliklər və dərs vəsaitləri də sürətlə artmağa başlamışdır. Bu həm də universitetdə elmi potensialın güclənməsinin, yüksəkixtisaslı kadrlar hazırlanmasının məntiqi göstəricisidir.UNİVERSİTETİN İNKİŞAFINDA İNTİBAH MƏRHƏLƏSİ (1969-1985)Universitetin inkişafında yeni keyfiyyət mərhələsi, heç şübhəsiz, Azərbaycan xalqının ümummilli lideri, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.Xalqımızın siyasi qüdrətinin təcəssümçüsü, Azərbaycan ziyalılarının ağsaqqalı və himayəçisi, milli təhsil quruculuğumuzun nəhəng memarı Heydər Əliyev mənəvi böyüklüyümüzün simvolu, elmimizin, təhsilimizin, mədəniyyətimizin möhtəşəm məbədi olan Bakı Dövlət Universitetinə xüsusi həssaslıqla yanaşır, Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə müasir Azərbaycan cəmiyyətini bu elm məbədgahından ayrı təsəvvür etmirdi. Heydər Əliyev bilirdi ki, Azərbaycanın intibahı və inkişafı bu təhsil ocağının köməyi ilə baş verə bilər. Tarix özü sübut etdi ki, böyük öndər nə qədər haqlı imiş. Cəmiyyətin tərəqqisinin, elm, mədəniyyət, mənəviyyat inkişafının ən qüdrətli vasitəsi rolunu oynayan təhsilə qayğının artırılması, bu işə dövlət siyasətinin prioritet prinsipi kimi yanaşılması Heydər Əliyevin rəhbər və vətəndaş qayəsini ifadə edən önəmli cəhət idi. Bu amil Azərbaycanda 70-ci illərdən başlayaraq, Heydər Əliyev epoxasının mənəvi yüksəliş tarixinin inkaredilməz reallığıdır. Bunu danmaq, təkzib etmək mümkün deyil, çünki tarix baş vermiş hadisələrin və faktların yalana bürünməsinə heç vaxt imkan vermir. Bu tarixi gerçəkliyi necə danmaq olar ki, Bakı Dövlət Universitetinin 50 illik yubileyində sovet rejiminin tətbiq etdiyi bütün qadağaları aşan və o dövr üçün inqilaba bərabər bir hadisə baş verdi. 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illiyi münasibəti ilə yubiley tədbiri keçirilirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin tədbirdə iştirak etməsi və ana dilində nitq söyləməsi təkcə universitet kollektivinə deyil, bütün Azərbaycan cəmiyyətinə milli ruhun qaytarılması istiqamətində bir dönüş anı oldu. Bu nitq o vaxta qədərki bütün sovet sisteminin ağır repressiyalarından və təqiblərindən əziyyət çəkən universitet kollektivinin ürəyində ümid çırağı yandırdı, onları ruhlandırdı. Universitetin həyatında yeni bir keyfiyyət mərhələsinin başlanğıcını qoydu. Heydər Əliyev deyirdi: «Azərbaycan universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi». Bu fikirlər Heydər Əliyevin Azərbaycan maarifçilərinə, ziyalılarına və Cümhuriyyət dövrü xadimlərinə verdiyi böyük qiymət idi. Əslində, bu sözləri ilə Heydər Əliyev milli tarixə xüsusi diqqət yetirilməsinə səsləyirdi. Heydər Əliyevin nitqini ana dilində söyləməsi böyük tarixi əhəmiyyət daşıyırdı. O vaxtadək çoxları respublika rəhbərinin ana dilində nitq söyləyəcəyini güman etmirdi. Sovet sistemi şəraitində milli dildə nitqlərə mərkəzdə o qədər də rəğbətlə yanaşmırdılar. Respublika rəhbərləri, adətən, rus dilində danışırdılar. Heydər Əliyev isə mövcud qadağaları cəsarətlə qıraraq, nitqi ilə təkcə ana dilinə olan bağlılığını, sevgi və hörməti nümayiş etdirmədi, eyni zamanda bütün Azərbaycan cəmiyyətinə bu yolda bir nümunə göstərdi. Bu tədbirdə iştirakı və ana dilində nitqi ilə Heydər Əliyev milli ruhu universitet divarları arasına qaytardı. Heydər Əliyev deyirdi: «Bu gün, təntənəli yubiley günündə biz öz biliyini, öz istedadını Azərbaycan universitetinin yaranmasına və inkişafına sərf edənlərin xatirəsini hörmətlə yad edirik». Bu sözlər Heydər Əliyevin milli tariximizə, mədəniyyətimizə və elmimizə olan dərin hörmətini və sıx bağlılığını göstərirdi. Elm və təhsili layiqincə inkişaf etdirməsinin, elm və mədəniyyət sahəsində yüksəkixtisaslı kadrlar hazırlanması işində nailiyyətlər qazanmasının nəticəsi olaraq, SSRİ Ali Soveti Rəyasət Heyəti 1969-cu ildə Azərbaycan Dövlət Universitetini yaranmasının 50 illiyi münasibəti ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etmişdi. Sonralar da Heydər Əliyev Bakı Dövlət Universiteti ilə bağlı hər hansı qərarın qəbul olunmasından, onun yubileylərinin keçirilməsindən tutmuş, burada çalışanların təltif edilməsi, mükafatlandırılmasına qədər hər bir məsələyə həssas yanaşırdı. Bu da onun BDU-ya olan sevgisinin göstəricilərindən biri idi. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən – məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada, azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdı.XX əsrin son onilliklərində Azərbaycan elmi və təhsili də Heydər Əliyev şəxsiyyətinin, zəkasının və bacarığının işığında inkişaf etmiş və bugünkü səviyyəsinə gəlib çıxmışdır. Bu gün biz bir daha fəxrlə söyləyirik ki, Heydər Əliyev kimi nadir şəxsiyyət Bakı Dövlət Universitetinin məzunu olmuş, həyatının bütün dövrlərində bizim təhsil ocağımızla möhkəm bağlanmış, heç zaman BDU-dan öz qayğıkeş əlini çəkməmişdir. Bu onun ziyalılara olan sevgisindən, doğmalığından irəli gələn bir cəhət idi. Ona görə də hər zaman Azərbaycanın inkişafını və intibahını burada axtarır və əlindən gələni edirdi ki, Bakı Dövlət Universitetində yeni nəsil yetişdirmək üçün şərait olsun. Heydər Əliyev epoxasının mənəvi yüksəliş tarixinin mərkəzində məhz Bakı Dövlət Universitetinin dayanması reallıqdır. O deyirdi: «Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir». Və bu sərvəti göz bəbəyi kimi qorumaq üçün tələbkar rəhbər qətiyyəti göstərirdi. Eyni zamanda, hər bir ziyalıya, elm adamına, təhsil işçisinə öz əzizi kimi baxırdı. Azərbaycanın hər bir savadlı, təhsilli insanı onun sevimlisi idi.Bütün dövrlərdə Bakı Dövlət Universitetinə Heydər Əliyevin xüsusi bir sevgisinin şahidiyik. O, BDU-ya olan məhəbbətini, ehtiramını, sevgisini bu sözlərlə bildirirdi: «Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam». Bakı Dövlət Universitetinin yaradılması haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş xalqımıza hava və su kimi lazım idi. Ona görə gərək idi ki, bu məbədgah milli ruhu qoruyub saxlaya bilsin, Azərbaycan xalqında özünüdərk meyllərini oyatsın, xalqın öz milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmasına yardımçı olsun.Doğrudan da, tarixi proseslər göstərdi ki, Bakı Dövlət Universiteti təkcə milli və ictimai tərəqqimiz üçün gərəkli olmadı, həm də o, mənəvi qida rolunu oynadı. Dünyanın ən məşhur siyasi xadimlərindən biri olan möhtərəm Heydər Əliyev də Bakı Dövlət Universitetindən mənəvi qida almışdı. Azərbaycan xalqının milli, siyasi mənəviyyat tarixinin 34 ilə qədər dövrü dünya şöhrətli siyasətçi, səriştəli rəhbər, əvəzsiz şəxsiyyət Heydər Əliyevin işıqlı adı və səmərəli fəaliyyəti ilə daha da zənginləşmişdir. Həmin dövrdə Bakı Dövlət Universiteti diqqətdən kənarda qala bilməzdi. Bütün şüurlu həyatını doğma xalqının, ana vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyev bu universitetin ən xırda problemlərinə də biganə qalmamışdı. Özünün tarixi missiyasını xalq qarşısında mətanətlə yerinə yetirən bir təhsil müəssisəsinin hansı böyük işlər görəcəyini Heydər Əliyev qədər dərk edən ikinci bir şəxs təsəvvür etmək çətindir. 60-cı illərin sonlarından etibarən, bütün Azərbaycan elm, təhsil və mədəniyyəti kimi, universitet də çiçəklənmə dövrünə qədəm qoydu, universitetin maddi-texniki təchizatı möhkəmləndirildi, tələbə qəbulu planı tədricən artırıldı, BDU xarici ölkələr üçün mütəxəssis hazırlayan əsas mərkəzlərdən birinə çevrildi. Bu illərdə univeristetdə elm və təhsil sahəsində ciddi uğrular əldə edildi. 70-80-ci illərdə universitetin hərtərəfli fəaliyyətinin genişlənməsi və təkmilləşməsi üçün böyük imkanlar yaranır. Bu, ilk növbədə, respublika rəhbərliyinin SSRİ tərkibində maksimum müstəqilliyə yönəldilmiş səyləri və siyasəti nəticəsində mümkün olurdu. Məhz həmin illərdə universitetin maddi-texniki bazası gücləndirilir, tədris işinin yaxşılaşdırılması və elmin inkişafı üçün əlverişli şərait yaradılır, informatika-hesablama mərkəzi açılır, yeni tədris binaları, laboratoriyalar, kitabxana, yataqxana və s. istifadəyə verilir, 1961-ci ildə fəaliyyəti dayandırılmış universitet nəşriyyatı 80-ci illərdə yenidən fəaliyyətini bərpa edir. Bu dövrdə universitet kitabxanasının inkişafına böyük önəm verilir. Fondunun fəaliyyət dairəsinin genişliyinə və zənginliyinə görə respublika kitabxanalarının metodik mərkəzi hesab edilən bu kitabxanaya 1974-cü ildə «Elmi Kitabxana» statusu verilmişdir. 70-ci illər univeristetin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndiyi illər idi. Bu illərdə universitetə tələbə qəbulu planı artırıldı, yeni-yeni laboratoriya və kafedralar yaradıldı. 1977-78-ci tədris ilində universitetin ikinci tədris binası istifadəyə verildi. Məhz Heydər Əliyevin qayğısı sayəsində 70-ci illərdə universitet Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün mütəxəssislər hazırlayan güclü bir mərkəzə çevrildi. Azərbaycan universitetində təhsil alan həmin gənclər öz ölkələrinə döndükdən sonra müxtəlif vəzifələrdə çalışdılar, hətta sonralar bəziləri siyasi xadim, dövlət xadimi, ölkə rəhbəri oldu. Müsbət haldır ki, ABŞ-dan və Avropanın bir sıra ölkələrindən gələn tələbə və tədqiqatçılar da Azərbaycan elmi, təhsili, mədəniyyəti və tarixi ilə tanış olur, hətta universitet laboratoriyalarında və kafedralarında çalışırdılar. 1980-ci ildə universitetin yaradılmasının 60 illik yubileyi keçirildi və həmin tədbirlərdə Heydər Əliyev də iştirak etdi. Bu iştirakdan sonra da universitet həyatında bir sıra yeniliklər oldu – yeni laboratoriyalar və kafedralar açıldı, bir sıra əməkdaşa fəxri adlar verildi. 1965-70-ci illərdə universitetin rektoru, professor Mehdi Sadıq oğlu Əliyev, 1970-87-ci illərdə isə akademik Faiq Məmməd oğlu Bağırzadə olmuşdur.UNİVERSİTET MÜSTƏQİLLİYİN İLK İLLƏRİNDƏ VƏ YENİ İNKİŞAF DÖVRÜNDƏMüstəqilliyin ilk illərində Azərbaycanın, o cümlədən universitetin həyatında qarışıqlıq, mürəkkəbliklərlə dolu anları bir fakt da sübut edir ki, 1989-93-cü illərdə BDU-da 5 dəfə rektor dəyişdirildi: 1987-89-cu illərdə AEA-nın müxbir üzvü, prof. Yəhya Cəfər oğlu Məmmədov; 1989-90-cı illərdə akademik Cəmil Bahadur oğlu Quliyev; 1990-92-ci illərdə akademik Mirabbas Göycə oğlu Qasımov; 1992-93-cü illərdə prof. Firudin Yusif oğlu Səməndərov.1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin yenidən müstəqil respublikamızın rəhbərliyinə gəlməsi ölkədə əhval-ruhiyyəni müsbət istiqamətdə dəyişdirdi, Bakı Dövlət Universiteti, tədricən, öz mövqeyini bərpa etməyə başladı. Azərbaycanda siyasi hakimiyyətə qayıdarkən, Heydər Əliyev ölkəni fəlakət və xaosdan, parçalanıb məhv olmaqdan, vətəndaş müharibəsindən xilas edərkən belə Bakı Dövlət Universitetini yaddan çıxarmadı və onun dövlətin yaradılıb möhkəmlənməsində rolunu çox yüksək qiymətləndirdi. O, şəxsən bir neçə dəfə universitetə gələrək, bu təhsil ocağına yenidən həyat verdi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı sanki bütün elm adamlarına, o cümlədən Bakı Dövlət Universitetinin kollektivinə gələcəyə inam hissi aşıladı. Universitetin kollektivi Azərbaycanı bəlalardan və düşdüyü xaotik vəziyyətdən çıxarmaq üçün qərarlı olan Heydər Əliyevə əsl dayaq oldu və ziyalı sözünü dedi. Qeyd edək ki,1993-96-cı illərdə BDU-nun rektoru Murtuz Nəcəf oğlu Ələsgərov, 1996-98-ci illərdə Misir Cümayıl oğlu Mərdanov universitetinin rektoru olmuşdur.1994-cü ildə Bakı Dövlət Universitetinin yaradılmasının 75 illiyi tamam oldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə yubiley komissiyası yaradıldı. Yubiley komissiyasının iclasına Heydər Əliyevin şəxsən sədrlik etməsi Azərbaycan rəhbərinin universitetin cəmiyyətin həyatında roluna və yerinə verdiyi böyük qiymət və diqqətlə bağlı idi. Bu həm də ümummilli liderin ölkəmizdə elm, təhsil və mədəniyyətə yüksək qayğısının nümunəsi idi. Təntənəli yubiley mərasimində iştirak edən Heydər Əliyev geniş nitq söylədi. Bu nitq məzmunca geniş, mahiyyətcə dərin, hədəflərinə görə strateji əhəmiyyət daşıyırdı. Heydər Əliyev deyirdi: «Bakı Dövlət Universiteti Azərbaycan xaqlının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır...».1999-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 80 illiyi tamam oldu. Bu münasibətlə 1999-cu il dekabrın 28-də universitet kollektivinə göndərdiyi təbrik məktubunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yazırdı: «Diqqətəlayiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların əməyini daim yüksək qiymətləndirərək, onların xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm».Böyük tarixi əhəmiyyət daşıyan bu fikirlər həm univeristeti quranların xatirəsinə ehtiramın nümunəsi, həm də Azərbaycan xalqının milli və mənəvi inkişafında Bakı Dövlət Universitetinin oynadığı rola verilən dəqiq qiymət idi.Universitet kollektivi fəxr edir ki, xalqına, onun mədəniyyətinə son dərəcə bağlı olan, şəxsiyyəti ilə insanlığın işıqlı zəka və qüdrət rəmzinə çevrilən, müasir Azərbaycan dövlətçiliyinin xilaskarı və memarı olan ümummilli lider Heydər Əlirza oğlu Əliyev elmin və təhsilin inkişafına göstərdiyi qayğıya, universitetin adını və şöhrətini yüksəklərə qaldırdığına, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinə görə universitetinin Böyük Elmi şurasının qərarı ilə BDU-nun məzunu və fəxri doktoru adına layiq görülmüşdür. Bakı Dövlət Universitetinin zəngin və məzmunlu tarixinin ən şərəfli səhifələri Heydər Əliyevin iştirakı və qayğısı sayəsində yazılmışdır. Universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi sahəsində də ən böyük nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qazanmışdır. BDU çox böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetişdirmişdir. Lakin tam məsuliyyətlə, demək olar ki, Bakı Dövlət Universitetinin ən böyük məzunu xalqına, onun mədəniyyətinə və mənəviyyatına son dərəcə bağlı olan, şəxsiyyəti ilə xalqımızın simvoluna çevrilən, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dünya azərbaycanlılarının lideri Heydər Əliyevdir. Heydər Əliyev BDU-nun həm bütün Azərbaycan xalqının, həm də universitetimizin şöhrətini yüksəklərə qaldıran, millətinə xidmət göstərən ən məşhur məzunudur. Heydər Əliyev BDU-nun məzunu olması ilə fəxr etdiyini dəfələrlə vurğulamış, onu Azərbaycan xalqının milli sərvəti adlandırmışdır. Bu, ulu öndərimizin universitetin müdriklik çağına verdiyi ən sərrast qiymətdir.BDU İQTİSADİ POTENSİALIN İNTELLEKT KAPİTALINA ÇEVRİLMƏSİ İLLƏRİNDƏBDU son zamanlar ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində çox önəmli rol oynayır. Cəmi 44 əməkdaşla fəaliyyətə başlayan universitetin 17 fakültə, 127 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında 3041 nəfər əməkdaş çalışır. Bolonya təhsil sisteminə qoşulmuş universitetdə kompyuter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülmüş, ayrıca İnformasiya Texnologiyaları Mərkəzi, bütün fakültələrdə isə hər birində onlarla kompyuter olmaqla, 20 elmi-tədqiqat sinfi yaradılmış və müəllimlərlə təmin edilmişdir. Hər bir fakültənin kompyuter sinfində lokal şəbəkə yaradılmış və həmin kompyuterlərin BDU-nun ümumuniversitet lokal şəbəkəsi vasitəsi ilə internetə çıxışı təmin edilmişdir. Böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, son illər ərzində BDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, universitet şəhərciyinin və tədris korpuslarının abadlaşdırılması, tədrisin texniki vasitələrlə təchiz edilməsi, elmin son nailiyyətlərinin təcrübəyə tətbiqi, yeni cihazların alınması sahəsində böyük işlər görülmüşdür. BDU-da elmin və təhsilin kitabxana-informasiya xidməti ilə təminatında zəngin kitab fonduna malik Elmi Kitabxana mühüm rol oynayır. Kitabxana işinin kompyuterləşdirilməsi elmi-tədqiqat laboratoriyasının köməyi ilə respublikamızda ilk dəfə olaraq kitabxananın kompüterləşdirilməsi işinə başlanmış, elektron kataloq yaradılmış, kitab, jurnal və qəzet fondunun böyük hissəsi elektron kataloqa salınmışdır. Universitetin müasir çap maşınları və texnologiyalarla təchiz edilmiş nəşriyyatı fəaliyyət göstərir. “Bakı universiteti” nəşriyyatı dərslik, dərs vəsaitləri, proqram və metodik göstərişlərin, hətta irihəcmli monoqrafiyaların çap edilməsi sahəsində ciddi uğurlar qazanmağa başlamışdır. Bakı Dövlət Universitetinin bir çox tələbələri və əməkdaşları Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərin ön cərgələrində getmiş, Qarabağ uğrunda ağır döyüşlərdə iştirak etmiş, bəziləri canlarını vətən yolunda qurban vermiş, bir çoxları isə fiziki sağlamlıqlarını itirmişlər. Universitetin həyətində Vətən uğrunda şəhid olan oğulların xatirəsinə abidə ucaldılmışdır. Şəhidlərinin qəhrəmanlığı tələbə gənclərimizə örnəkdir. Universitetdə tələbə gənclərin vətənpərvərlik və milli dövlətçilik ruhunda tərbiyə edilməsi sahəsində ciddi iş aparılır. Gənclər təşkilatı, həmkarlar komitəsinin fəaliyyəti bu baxımdan diqqətəlayiqdir.Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bilavasitə bağlıdır. Universitetin sonuncu tədris korpusu 1988-ci ildə istifadəyə verilmişdi. Həmin tarixdən keçən dövr ərzində açılan yeni fakültələr, kafedralar, laboratoriyalar, elmi-tədqiqat institutları və digər qurumlar, habelə tələbələrin sayının kəskin artması tədris prosesində xeyli problemlər yaratmışdı. Ona görə də yeni tədris korpusunun tikintisi barədə qərar qəbul edilmiş və onun inşasına 1991-ci ildə başlanmışdı. 1994-cü ilədək binanın yalnız bir mərtəbəsi tikilmişdi. Azərbaycan xalqının Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçdiyi İlham Əliyev Bakı Dövlət Universitetinin yeni korpusunun inşası prosesi ilə yaxından maraqlanıb, yaranmış vəziyyəti dərindən öyrənərək, qəti qərarlar qəbul edib, yeni tədris korpusunun tikintisinə xüsusi qayğı göstərib. İlham Əliyevin bilavasitə göstərişi ilə tikinti işləri üçün vəsait ayrılıb və inşa işləri başa çatdırlıb. Yeni tədris korpusu 2008-ci il sentyabrın 15-də istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi və geniş nitq söyləməsi universitet kollektivinin həyatında əlamətdar hadisəyə çevrildi. Prezident İlham Əliyev nitqində universitetin ölkəmizin elm və təhsilində oynadığı rola xüsusi diqqət çəkdi, professor-müəllim heyətinin əməyini yüksək qiymətləndirdi, dövlətin universitetə göstərdiyi xüsusi qayğını vurğuladı, qarşıda duran vəzifələrdən danışdı, böyük strateji niyyətləri, xüsusən təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasını, xarici ölkələrlə əlaqələrin genişləndirilməsini, yeni təcrübənin öyrənilməsi və tətbiq edilməsini, qabaqcıl universitetlərə azərbaycanlı gənclərin təhsil almaq üçün göndərilməsini qarşıya məqsəd qoydu. Prezident İlham Əliyevin nitqi universitet kollektivi tərəfindən yüksək ruh yüksəkliyi ilə qarşılandı, daha yaxşı işləməyə və təhsil almağa stimul verdi. Azərbaycan hərtərəfli inkişafını elm və təhsildə, güclü insan kapitalının formalaşdırmasında görən dövlət başçısı İlham Əliyev BDU-nun cəmiyyətdəki yeri və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirir, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirir. 24 aprel 2009-cu ildə imzaladığı sərəncamla universitetin 90 illik yubileyinin respublika miqyasında geniş şəkildə qeyd olunması, 30 oktyabr 2009-cu il tarixi sərəncamları ilə Bakı Dövlət Universitetinin ümumilikdə 107 nəfər professor-müəlliminə müxtəlif fəxri adlar, mükafatlar, fərdi təqaüdlər verməsi və yubiley tədbirinə qatılması müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir.2013-cü il sentyabrın 18-I Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Bakı Dövlət Universitetinin Qubadakı Tədris-təcrübə və istirahət mərkəzinin açılış mərasiminə qatılması universitet tarixinin ən şərəfli səhifələrindəndir. Bakı Dövlət Universiteti Azərbaycan ali məktəblərinin flaqmanı, dövlətçiliyin barometridir. Bu gün ölkədə aparılan təhsil islahatlarının önündə gedən Universitet kollektivi Avropaya surətlə inteqrasiya edən ölkəmizin gələcəyini təmin edən yüksək ixtisaslı kadrların hazırlanması üçün əlindən gələn hər şeyi edir.Universitet kollektivi Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq, təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir.
Son xəbərlər