Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti ilə əməkdaşlıq edəcək
7.6.2018

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çin Neft Universitetinin nümayəndə heyəti ilə görüşüb.

BANM-dən bildirilib ki, görüşdə E.Qasımov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti və burada tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib. Vurğulanıb ki, BANM-də tədris edilən proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası ötən il Azərbaycanda ilin ən nüfuzlu ixtisası seçilib. Hər iki universitetdə tədrisin ingilis dilində aparılması baxımından BANM ilə Çin Neft Universiteti arasında tələbə mübadilə proqramı həyata keçirilə bilər.

Çin Neft Universitetinin vitse-prezidenti, professor Dong Zhaoxia BANM-in rektorunu təmsil etdiyi ali təhsil ocağının 65 ilik yubileyi münasibətilə sentyabrın 22-də ölkəsində keçiriləcək Energetika Universitetləri Rektorlarının Forumuna dəvət edib. O, Çin Neft Universitetinin BANM ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. D.Zhaoxia deyib: “İki ali təhsil ocağı arasında tələbə mübadilə proqramlarının reallaşdırılması, neft-qaz sektoru üzrə təhsil alan çinli tələbələrin Azərbaycanda istehsalat təcrübəsi keçmələri əsas prioritetləriməzdəndir”.

Görüşdə, həmçinin BANM-in iki tələbəsinin Çin Neft Universitetində, iki çinli tələbənin isə BANM-də təhsilini davam etdirməsi, ali təhsil ocaqları arasında bu ilin sentyabrında əməkdaşlıq haqqında müqavilənin imzalanması qərara alınıb.


azertag.az