Gənc Tamaşaçılar Teatrında “Arzu və Murad” tamaşası təqdim edilib
24.2.2017

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tamaşa nümayiş olunub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, yazıçı S.Elsəvərin “Arzu və Murad” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüskarlığı ilə baş tutub.

Əvvəlcə qonaqlar Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.

Daha sonra tamaşa təqdim olunub.

Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edir. Nəsimi rayon ictimaiyyətinin nümayəndələrinin, rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərinin izlədiyi tamaşa maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən tamaşa fevralın 24-də Pirallahı rayon ictimaiyyətinə, fevralın 26-da isə teatrın səhnəsində teatrsevərlərə təqdim ediləcək.

azertag.az