Böyük caz ustası Vaqif Mustafazadənin yaradıcılığı əbədiyaşardır
17.3.2017

Martın 16-da Heydər Əliyev Sarayında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, bənzərsiz caz ustası Vaqif Mustafazadənin anadan olmasının 77-ci ildönümü münasibətilə konsert olub.

Tədbirin əvvəlində bəstəkarın həyat və yaradıcılığından söz açan qısametrajlı film nümayiş etdirilib.

Sonra Xalq Artisti Faiq Sücəddinov, Əməkdar Artist Akif Süleymanbəyli, Əməkdar İncəsənət Xadimi Cavan Zeynallı, “Səs Azərbaycan” televiziya vokal müsabiqəsinin qalibi Emiliya Yaqubova, “Aysel” rəqs ansamblı, Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin yetirmələri çıxış ediblər. Gecədə V.Mustafazadənin əsərləri səslənib.

Qonaqlar Heydər Əliyev Sarayının foyesində məşhur cazmenin həyat və yaradıcılığından bəhs edən şəkil sərgisinə tamaşa ediblər.

V.Mustafazadə 1940-cı il martın 16-da Bakıda anadan olub. Bir sıra beynəlxalq müsabiqələrin laureatı olub. Musiqiçi virtuoz texnikası, özünəməxsus ifa tərzi ilə dinləyicilərin qəlbini fəth edib. V.Mustafazadə ilk dəfə muğamla cazı sintez edib. 1979-cu il dekabrın 16-da Daşkənddə konsert zamanı ürək tutmasından vəfat edib.

azertag.az