“YARAT”da uşaqlar üçün seminar
21.8.2017

Avqustun 19-da Bakıda “YARAT” Müasir İncəsənət Mərkəzi və “DASSEL” Duyğu Zehni İnkişafı Tədris Mərkəzinin təşkilatçılığı ilə “Uşağın düzgün və harmonik inkişafı, fəal sosiallaşma və emosional sabitliyin öyrədilməsi” mövzusunda seminar keçirilib.
“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən seminar Rusiyanın tanınmış psixoloqu, duyğu zehni üzrə mütəxəssis, “Akademiya Monsikov” layihəsinin müəllifi Viktoriya Şimanskaya tərəfindən aparılıb.

Seminarda “Uşaqlıq dövründə qeyri-stabil emosiyalar hansı problemlərə gətirib çıxarır?”, “Uşağa təhsil almaqda necə kömək etməliyik?”, “Uşağın həyatında fiziki inkişafın rolu nədir?” və digər bu kimi mövzularda mühazirələr dinlənilib.

Seminar çərçivəsində valideynlərin və iştirak edən uşaqların maraq doğuran sualları psixoloq tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Viktoriya Şimanskaya “Reland Qrup Brendmenecment” və Brend texnologiyaların Tədqiqat Mərkəzində duyğu zehninin xüsusiyyətlərini öyrənir, həmçinin bir sıra Rusiya ali təhsil ocaqlarında duyğu zehni üzrə mühazirələrlə çıxış edir.


azertag.az