Ağdamda tikilən xalça istehsalı müəssisəsində son tamamlama işləri aparılır
21.8.2017

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən ölkəmizin bölgələrində xalça istehsalı müəssisələri inşa edilir. “Azərxalça” ASC-nin filiallarından biri də xalçaçılığın zəngin ənənələrinin qorunub saxlanmasında və inkişaf etdirilməsində mühüm rol oynayan Ağdam rayonunda yaradılır. Filial üçün rayonun Quzanlı qəsəbəsində 1258 kvadratmetr ərazidə inşa edilən binada inşaat işləri yekunlaşmaq üzrədir.

İş icraçısı Tural Zalov bildirib ki, bina toxuculuq zalı, rəssam, tibb və inzibati otaqlar, yeməkxana, anbar və s. ibarətdir. Hazırda 60-dək işçinin çalışdığı binada son tamamlama işləri görülür. Həyətdə abadlıq, yaşıllaşdırma işləri aparılır, yerə asfalt örtük və tamet döşənir. İşlərin bu ay başa çatdırılması nəzərdə tutulur.

Filialda işləmək üçün Quzanlı qəsəbəsində “Azərxalça” ASC tərəfindən xalça toxucuları üçün tədris-hazırlıq kursları təşkil edilib. Tədris-hazırlıq kurslarına məcburi köçkün qəsəbələrindən və müxtəlif kəndlərdən 130 qadın cəlb olunub. Artıq onlardan yüz nəfərə yaxını xalçaçılıq peşəsinə tam yiyələnib. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 160 nəfərin işlə təmin olunması nəzərdə tutulub.


azertag.az