Ümumdünya Yay Universiadasının taekvando yarışlarında Azərbaycanı 12 idmançı təmsil edəcək
21.8.2017

Azərbaycanın taekvando üzrə milli yığması Çinin Taypey şəhərində iyirmi doqquzuncu Ümumdünya Yay Universiadasında iştirak edəcək.

Ümumilikdə 150-dən çox ölkənin atletinin qatılacağı və 22 idman növünün yer aldığı universiadanın taekvando üzrə yarışlarında ölkəmizi 12 idmançı təmsil edəcək.

Avqustun 22-də startı veriləcək taekvando yarışlarında baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Rəşad Əhmədovun rəhbərlik etdiyi komandamızın üzvlərindən Qaşım Maqomedov (54 kq), Əli Məmmədov (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (87 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Qadınların baş məşqçisi Elnur Amanov isə Safiyə Polat (49 kq), Patimat Abakarova (53 kq), Yaprak Eriş (57 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcək.

Qeyd edək ki, taekvando yarışları avqustun 26-dək davam edəcək. Universiadaya avqustun 30-da yekun vurulacaq.

azertag.az