NASA-nın qadın astronavtı WoWoman Qrupunun üzvlərinə kosmosa səfərlərindən danışıb
13.12.2017

NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Payper ölkəmizdə səfərdədir. Səfər ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib. Amerikalı astronavt səfər çərçivəsində paytaxtda və bölgələrdə müxtəlif görüşlər keçirib.

Haydemari Paype dekabrın 12-də WoWoman Qrupu tərəfindən təşkil olunan Karyera İnkişafı üzrə Məruzə Sessiyasında iştirak edib. Qonaq müxtəlif sahələrdə çalışan qadınlara öz fəaliyyəti və kosmosa uçuşları barədə məlumat verib.

Qeyd edilib ki, NASA agentliyinin seçdiyi 12 kosmonavt arasında qadınlar da var. Kosmik agentlikdə qadın kosmonavtların sayı azdır. Buna səbəb NASA-nın xüsusi şərtlərinin olmasıdır.

Peşəkar üzgüçü olduğunu deyən H.Payper okeanın dibi ilə kosmosu müqayisə edərək maraqlı məqamları dinləyicilərlə bölüşüb.

Fəzanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan danışan amerikalı astronavt iki dəfə təxminən 33 saat açıq kosmosda olduğunu deyib. O bildirib ki, fəza öyrənmək, tədqiq etmək, araşdırma aparmaq üçün ideal mühitdir.

Azərbaycana ilk dəfə gəldiyini deyən NASA nümayəndəsi ölkəmiz haqqında təəssüratlarını bölüşüb, iştirakçıların suallarını cavablandırıb.

azertag.az