Rus bölməsi abituriyentləri üçün kolleclərə ərizə qəbulu sistemi yenidən aktivləşdirilib
18.5.2018

Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən rus bölməsi abituriyentləri üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu bu il martın 1-dən 27-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının birinci mərhələsində iştirak edən abituriyentlər mayın 18-dən 29-dək ekabinet.dim.gov.az internet səhifəsində “şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsindəki “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqləyə bilərlər. Həmin tarixlərdə qeydiyyatdan keçən rus bölməsinin abituriyentləri iyunun 10-da keçiriləcək Azərbaycan dili fənni üzrə imtahanda iştirak edə biləcəklər. Yəni bu abituriyentlər Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmək üçün əlavə qeydiyyatdan keçməyəcəklər.

Qeyd edək ki, kolleclərin müsabiqəsində iştirak üçün martın 1-dən 27-dək qeydiyyatdan keçməyən cari ilin Azərbaycan bölməsi məzunlarına isə ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak edib tələb olunan müsabiqə şərtlərini ödədikləri halda iyulun 6-dan avqustun 6-dək qeydiyyatdan keçib müsabiqədə iştirak imkanı yaradılacaq.


azertag.az