Uşaqlar Bulvarda əyləncə vasitələrindən ödənişsiz istifadə ediblər
1.6.2018

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadəsi aksiyası keçirilib.

Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov bildirib ki, aksiyada yaşı 16-dək olan uşaq vəyeniyetmələr saat 10:00-dan 13:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə ediblər. Aksiyada ümumilikdə 25 minə yaxın uşaq park ərazisindəki attraksionlarda, qatarlarda və sərnişinlərə xidmət göstərən gəmidə heç bir ödəniş etmədən əyləniblər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, “Qorxulu ev”, “Pirat”, “Möcüzələr dünyası”, “Mirvari” gəzinti gəmisi azyaşlılara xidmət göstərib.

Nazim Məcidov bildirib ki, bayramlarını valideynlərinin əhatəsində keçirən uşaqlar və yeniyetmələr unudulmaz anlar yaşayıblar və bu tipli xeyriyyə aksiyaları gələcəkdə də keçiriləcək. Əvvəlki illərdən fərqli olaraq bu il iki gənc rəssam uşaqların üzündə şəkillər çəkiblər və bu da böyük marağa səbəb olub.

Valideyn Vəfa Əhmədova qeyd edib ki, uşaqlar belə bir aksiyanın keçirilməsindən çox sevinirlər. O, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib, aksiyaya görə Dənizkənarı Bulvar İdarəsinə və Heydər Əliyev Fonduna təşəkkür edib. Vəfa Əhmədova arzu edib ki, bütün valideynlər uşaqlarını Vətənimizə layiqli övlad kimi böyütsünlər.

Aksiya iştirakçısı Rahim Hüseynov “Möcüzələr dünyası” attraksionunda çox əyləndiyini bildirib və bütün uşaqlara əyləncəli günlərinin çox olmasını arzu edib.

Paytaxt sakini Nazilə Sarıyeva nəvəsini bayram əyləncəsinə gətirdiyini bildirib. Uşaqların əyləncəsi üçün hər cür şəraitin yaradıldığını deyən N.Sarıyeva təşkilatçılara minnətdarlığını ifadə edib.


azertag.az