Bakı Uşaq Teatrı “Kimdir müqəssir?!” tamaşasını oynayacaq
11.6.2018

İyunun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı yeni tamaşa ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında hazırlanmış “Kimdir müqəssir?!” adlı tamaşaya rejissor Elşən Zeynallı quruluş verib.

Premyera Dövlət Gənc Tamaşaçılar Teatrının binasında oynanılacaq.

Tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

Rolları aktyorlar Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əli Qulu Səmədov və başqaları ifa edirlər.


azertag.az