Yeddi yüz bal toplayan abituriyent UNEC-də
13.6.2018

“Ulduz” Hazırlıq Mərkəzinin qəbul imtahanlarında ikinci ixtisas qrupu üzrə ən yüksək bal toplayan abituriyentləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər.

İkinci ixtisas qrupu üzrə 700 bal toplayan Jalə Rəcəbova da layihə çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “birgünlük tələbə” olub.

UNEC-dən bildirilib ki, beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Anar Rzayev onlara universitetin beynəlxalq əlaqələri, tədris proqramları və ixtisasları barədə məlumat verib. Son iki ildə ikinci ixtisas qrupu üzrə ən yüksək bal toplayan abituriyentlərin məhz UNEC-də təhsil aldığını diqqətə çatdıran A.Rzayev onların suallarını cavablandırıb.

UNEC-in rektorunun köməkçisi, gənc müəllim Ramil Cabbarov “birgünlük tələbə”lər qarşısında universitet barədə geniş təqdimatla çıxış edib. UNEC-in ölkədə dörd dildə təhsil verən yeganə ali təhsil ocağı olduğunu bildirən R.Cabbarov bu universitetin həyata keçirdiyi yeniliklərdən bəhs edib.

Ötənilki qəbul imtahanlarında 700 bal toplayaraq Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olan birinci kurs tələbəsi Cavad Əliyev UNEC tələbəsi olmağın üstünlüklərindən danışıb. O, tələbələr üçün inanılmaz fürsət adlandırdığı UDİD, xüsusi təqaüd və Avropanın nüfuzlu universitetləri ilə reallaşdırılan ikili diplom proqramlarının yalnız UNEC-də tətbiq edildiyinə diqqət çəkib. C.Əliyev UNEC-i seçməyini həyatındakı ən doğru qərarlarından biri olduğunu bildirib.

“Birgünlük tələbə”lər UNEC ərazisində infoturda olub, imtahanların gedişini izləyiblər.

İkinci ixtisas qrupu üzrə təhsil almaq istəyən abituriyentlər “UNEC-də bir gün” layihəsində iştirak etmək üçün 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi “Facebook” səhifəsi ilə əlaqə saxlaya bilərlər.


azertag.az