Abituriyentlər üçün online sınaq imtahanı təşkil edilib
13.6.2018

Dövlət İmtahan Mərkəzi (DİM) bu il I-IV ixtisas qrupları üzrə sonuncu sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə online sınaq imtahanı təşkil edir.

DİM-dən bildiriblər ki, online sınaq imtahanı vermək istəyənlər günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.

Artıq iyunun 10-da keçirilmiş sonuncu sınaq imtahanında istifadə olunmuş sual kitabçaları (Azərbaycan və rus bölməsi) http://otk.az portalına yerləşdirilib. İmtahanda iştirak haqqı 3 AZN-dir.

Abituriyentlər, həmçinin builki “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc edilmiş və ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən ibarət ödənişsiz online sınaq imtahanlarına yazıla bilərlər.

Bundan əlavə, portalda 9-cu və 11-ci siniflərdə təhsil alan şagirdlər, o cümlədən ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə), V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər də müvafiq sınaq imtahanlarında iştirak edə bilərlər. Bu imtahanlarda iştirak haqqı isə 1 manatdır.

Abituriyentlər online imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə bilərlər. Onlar, həmçinin yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.

http://otk.az portalında yerləşdirilmiş online sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış olmaq mümkündür.


azertag.az