İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür
14.6.2018

14 iyun - Ümumdünya Qan Donoru Günüdür (World Blood Donor Day).

2005-ci ilin mayında Ümumdünya Səhiyyə Assambleyasında dünyanın müxtəlif ölkələrinin səhiyyə nazirləri könüllü qan donorluğuna dəstək məqsədilə bəyanat qəbul ediblər. Qəbul olunan bəyanata əsasən hər il iyunun 14-ü Ümumdünya Qan Donoru Günü kimi qeyd edilir. Bu tarix avstriyalı həkim-immunoloq, qan qruplarını kəşf edən, Nobel mükafatı laureatı Karl Landşteynin doğum günü şərəfinə təsis edilib.

Hər il bir şüar altında keçirilən günün builki mövzusu “Başqaları haqqında düşün. Qan ver. Həyatını paylaş”dır.

Bu xüsusi gün təmənnasız donor olan insanlara həsr edilir. Günün keçirilməsində əsas məqsəd təhlükəsiz qan və qan məhsullarına olan ehtiyac haqqında cəmiyyəti maarifləndirmək, eləcə də könüllü qan donorlarına təşəkkür etməkdir. Belə ki, dünyada hər saniyə qan donorlarına ehtiyac duyulur. Qanköçürmə hər il milyonlarla insanı həyatına qaytarmağa kömək edir. Əhali sayı çox olan ölkələrdə qan donorluğuna daha çox ehtiyac var.

Hər il dünyada təxminən 112 milyon donor qeydiyyatdan keçir. Onların təxminən yarısı dünya əhalisinin 15 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir.

Qan donorluğu altruizm, hörmət, xeyirxahlıq və başqasını hiss etmək kimi insani dəyərləri özündə birləşdirir.

14 iyun tarixi ilə əlaqədar keçirilən tədbirlərdə BMT-nin 193 dövləti, Qırmızı Xaç və Qızıl Aypara təşkilatlarının 181 milli cəmiyyəti, 50 könüllü donor təşkilatı iştirak edir.

azertag.az