Minsk şəhərində “Bakı Bulvarı”
24.9.2018

Belarusun paytaxtı Minskdə “Bakı Bulvarı” devizi altında Azərbaycan musiqi və mədəniyyəti festivalı keçirilib.

Belarus Azərbaycan İcmaları Konqresinin və Minsk şəhər meriyasının təşkilatçılığı, bu ölkədə fəaliyyət göstərən səfirliyimizin və Azərbaycan Ticarət Evinin dəstəyi ilə reallaşan tədbirdə xalqımızın qədim adət-ənənələri, zəngin mədəniyyəti geniş nümayiş etdirilib.

Minsk şəhərinin mərkəzində keçirilən Azərbaycan musiqi və mədəniyyəti festivalında gün ərzində xalqımızın qədim adət-ənənələri, zəngin mədəniyyəti, milli yeməkləri və ölkəmizdə istehsal olunan müxtəlif çeşidli məhsullar yerli ictimaiyyətə təqdim olunub.

Belarusun dövlət və hökumət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, diaspora və media təmsilçilərinin iştirak etdiyi tədbirdə Minsk şəhər meriyasının mədəniyyət departamentinin rəhbəri Vitalina Rudzikova, Azərbaycanın Belarusdakı səfirliyinin müşaviri Zülfüqar Tanrıverdiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elçin Soltanov, Belarus Azərbaycan İcmaları Konqresinin sədr müavini Vüqar Yusifov və digər şəxslər çıxış edərək Azərbaycan ilə Belarus arasındakı tarixi dostluq əlaqələrindən söz açıblar. İkitərəfli mədəni əlaqələrin inkişaf etdirilməsində Belarus Azərbaycan İcmaları Konqresinin müstəsna rol oynadığını vurğulayan natiqlər, Azərbaycanın zəngin mədəniyyətinin və milli ,mənəvi dəyərlərinin Belarus ictimaiyyətinə çatdırılmasında belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

V.Rudzikovanın deyib: “Bu il üçüncü ildir ki, şəhərimizin sakinləri böyük məmnuniyyətlə Azərbaycan xalqının milli adət-ənənələri, zəngin mədəniyyəti və musiqi inciləri ilə tanış olurlar. Həqiqətən də tədbirdə milli mətbəxiniz, ölkənizdə istehsal olunan məsulların sərgisi, xüsusən də Bakıdan gəlmiş müğənnilərin rəngarəng konsert proqramları böyük maraq və coşqu ilə qarşılanır. Əminəm ki, bayram tədbiri Azərbaycanla Belarus arasındakı dostluq və qardaşlıq əlaqələrinin növbəti təntənəsi kimi tarixə yazılacaq”.

Festivalda iştirak edən Belarusun aparıcı televiziya kanalları və media qurumları isə Azərbaycanın zəngin mədəniyyətini özündə əks etdirən maraqlı reportajlar yayımlayıblar.

Tədbirə gələnlər Azərbaycanın milli yeməklərindən dadıblar.


azertag.az