Nizami Kino Mərkəzində “İlyas Əfəndiyev və üç Qarabağnamə” sənədli filminin təqdimatı olub
3.10.2018

Oktyabrın 2-də Nizami Kino Mərkəzində görkəmli nasir, dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevə həsr edilmiş “İlyas Əfəndiyev və üç Qarabağnamə” sənədli filminin təqdimatı olub.

Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə Vətən uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ekran əsərinin ssenari müəllifi Vidadi Hüseynov bildirib ki, film görkəmli yazıçının 3 əsəri əsasında hazırlanıb. Filmin ideya müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır.

Diqqətə çatdırılıb ki, iyirmi iki ildir İlyas Əfəndiyev cismən aramızda olmasa da yazdıqları əsərləri, səhnələşdirilən pyesləri ilə xalqımızın yaddaşında, dünənində və bu günündə yaşayır. Zaman ötdükcə oxucu və tamaşaçı onu daha yaxından tanıyır, onu yenidən kəşf edir. Həqiqətən də, böyük yazıçıların doğum tarixi olsa da, ölüm tarixi olmur. Onlar əbədiyaşardır.

Vurğulanıb ki, Qarabağ mövzusu İlyas Əfəndiyevin yaradıcılığının ana xəttini təşkil edib. O, dünyaya göz açdığı doğma vətəninin ayrılmaz tərkib hissəsi olan Qarabağa sonsuz sevgisini əsərləri vasitəsilə bütün dünyaya çatdırıb.

İlyas Əfəndiyevin əsərlərinin hər zaman aktual olduğunu vurğulayan Vidadi Hüseynov deyib ki, nə qədər ki, Azərbaycan ədəbiyyatı var, onun yaratdığı bənzərsiz nəsr nümunələri də yaşayacaq.

Sonra film təqdim edilib.

Ekran əsərinin təqdimatından sonra çıxış edən teatrşünas, sənətşünaslıq doktoru Məryəm Əlizadə, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və Milli Məclisin deputatı, akademik Nizami Cəfərov filmlə bağlı təəssüratlarını bölüşüb, görkəmli yazıçının yaradıcılığından söz açıblar.

Bildiriblər ki, filmdə zamanla ədibin mübarizəsi gedir və ədib zamana qalib gəlir. Bu həm də onu göstərir ki, ədibin əsərləri zamandan irəlidədir.

Sənədli filmin kinematoqrafiyanın ən çətin növlərindən olduğuna diqqət çəkən çıxışçılar yaradıcı heyətin işini yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, Azərbaycan teatrının ən şanlı tarixi bu ekran əsərində əksini tapıb. İlyas Əfəndiyev hər zaman Azərbaycan teatrının təəssübkeşi olub, teatrın inkişafı naminə yorulmadan çalışıb. Filmdə yazıçının çox dolğun obrazı yaradılıb. Azərbaycan dramaturgiyasında lirik-psixoloji dram janrının əsasını qoyan İlyas Əfəndiyev neçə-neçə aktyor nəslinin yetişməsinə, tanınmasına təkan verib.

Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində belə filmlərin əhəmiyyətinə toxunan natiqlər Azərbaycan xalqının Qarabağ ağrısından yoğurulan bu ekran əsərinin bir daha əsl qələm adamının, yazıçının millətinə, yurduna tükənməz sevgisini göstərdiyini söyləyiblər.

Sonda ədibin ailəsi adında çıxış edən nəvəsi Günay Əfəndiyeva ekran əsərinin hazırlanmasında əməyi olan yaradıcı heyətə və tədbirin təşkilatçılarına təşəkkür edib. Deyib ki, film üzərində bir neçə ay iş aparılıb.

Qarabağ mövzusunun ədibin yaradıcılığında xüsusi yer tutduğunu söyləyən G.Əfəndiyeva vurğulayıb ki, filmdə Azərbaycan mədəniyyətinin ən parlaq şəxsiyyətlərinin fikirləri yer alır.

“Bu ekran əsəri təkcə İlyas Əfəndiyevə həsr olunmayıb, eyni zamanda, Qarabağın böyük simalarını bizə yenidən xatırladır. Xurşidbanu Natəvanı, Süleyman Sani Axundovu, Yusif Vəzir Çəmənzəminlini, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir Hacıbəylini, Fikrət Əmirovu, Niyazini, Xan Şuşinskini, Seyid Şuşinskini, Bülbülü, Rəşid Behbudovu və digər adını çəkmədiyim görkəmli simaları yad edirik. Bunların hər biri Qarabağın simvollarıdır. Arzu edirəm ki, Şuşada, Cıdır düzündə Üzeyir Hacıbəylinin Koroğlu operasından “Uvertüra” səslənsin, Natəvanın şeirləri oxunsun”, - deyə Günay Əfəndiyeva vurğulayıb.

azertag.az