BP və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni layihəyə başlayır
23.10.2018

Bu gün “BP-Azerbaijan” və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İİTKM-nin elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsi” layihəsinə başlayır.

Şirkətdən verilən məlumata görə, layihənin məqsədi qabaqcıl proqram təminatının hazırlanması vasitəsilə İİTKM-nin elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsinə dəstək olmaqdır. Yeni proqram təminatı Azərbaycanda sosial və iqtisadi inkişaf üçün Strateji Yol Xəritələri çərçivəsində hökumət tərəfindən həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi üçün istifadə ediləcək. Bu proqram təminatı İİTKM-nin 47 dövlət orqanından, o cümlədən nazirliklərdən, agentliklərdən və komitələrdən müntəzəm olaraq aldığı iqtisadi məlumatları effektiv şəkildə emal etməsinə yardım edəcək.

Bu layihə bu il oktyabrın 15-də BP və İİTKM arasında Qarşılıqlı Anlaşma Memorandumunun (QAM) imzalanmasından sonra başlayıb. Memorandum BP-nin və İİTKM-nin Azərbaycanda müxtəlif sahələrdə davamlı inkişafa dəstək olmaq öhdəliklərinə uyğun olan layihələri nəzərdən keçirmək və yerinə yetirmək üçün tərəflər arasında əsas prinsipləri müəyyənləşdirir.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı imzalanan Qarşılıqlı Anlaşma Memorandumunun və layihənin əhəmiyyətindən danışaraq bildirib ki, bu əməkdaşlıqda əsas məqsəd Prezident İlham Əliyevin ‘qara qızılın insan kapitalına çevrilməsi’ ideyasına xidmət etməkdir: “BP ölkəmizin uzunmüddətli tərəfdaşı kimi təkcə neft strategiyasının həyata keçirilməsinə deyil, həm də post-neft dövrü quruculuğuna öz töhfəsini verir. İİTKM-in təşkilati inkişafında, innovativ yanaşma və beynəlxalq təcrübənin tətbiqində BP ilə əməkdaşlığı yüksək qiymətləndiririk”.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, memorandumun imzalanması və bu layihənin başlanması bizim gələcəkdə dəyərli əməkdaşlıq qurmaq istəyimizin bariz nümunəsidir: “Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, biz İİTKM-nin elektron monitorinq və qiymətləndirmə infrastrukturunu modernləşdirmək üçün yeni bir layihəyə başlamaqla İİTKM ilə olan əməkdaşlığın təməlini qoyuruq. Azərbaycanın layiqli korporativ vətəndaşı kimi BP həmişə ölkədə iqtisadiyyatın və biznesin inkişafına və diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiq olub. Biz daim cəmiyyətə müsbət təsir göstərməyin yollarını axtarırıq və fəaliyyət göstərdiyimiz icmalarla dayanıqlı və müsbət əlaqələr qurmağa çalışırıq”.

Yeni layihənin ümumi dəyəri 204 min manat təşkil edir və müddəti altı aydır.

report.az