Qədim tarixə malik Qala kəndinə həsr olunan müsabiqə elan edilib
26.12.2018

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyası “Abşeronun tarixi və mədəni irsində Qala kəndinin rolu” adlı müsabiqə elan edib.

Qoruq İdarəsindən bildirilib ki, Abşeron yarımadasının şimal-şərqində yerləşən, beş min illik yaşa malik Qala kəndinə həsr olunan müsabiqənin keçirilməsində məqsəd bu ərazidəki memarlıq abidələrinin (5 məscid, 3 hamam, yeraltı kəhrizlər, məqbərə, sərdabələr, yaşayış evləri və s.) öyrənilməmiş tərəflərinin araşdırılmasına gənc tədqiqatçıları cəlb etməkdir.

Müsabiqədə 35 yaşa qədər alim və tədqiqatçılar iştirak edə bilər. Müsabiqə şərtlərinə görə, Azərbaycan və ya rus dilində təqdim olunacaq əsərlər heç yerdə dərc edilməməli, işlərin məzmununda tarixi faktlar və etibarlı mənbələrdən istifadə, icra müstəqilliyi və elmi yenilik, orijinallıq, plagiat elementlərinin olmaması, empirik məlumatların və nəzəri nəticələrin təsviri, təqdimatın müxtəsərliyi, praktiki dəyər, nəticə və tövsiyələrin olması əsas tələb kimi götürüləcək.

Təqdim olunacaq məqalələr elektron formada gələn ilin aprelin 1-dək qalamusabiqe@icherisheher.gov.az ünvanına göndərilməlidir.

Müsabiqədə I, II, III yerləri tutanlar müvafiq olaraq 1500, 1000, 500 manat məbləğində pul və fəxri fərmanla mükafatlandırılacaqlar.

Tədqiqatlar münsiflərə imzasız təqdim olunacaq. Müsabiqənin nəticələri gələn ilin may ayının ilk ongünlüyündə elan ediləcək. Seçilmiş məqalələr toplu şəklində nəşr olunacaq.

azertag.az