“Vətənpərvərlik kinosu həftəsi”nə başlanılacaq
10.1.2019

Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək.

Baş İdarədən bildirilib ki, kino həftəsinin keçirilməsində əsas məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik göstərən Milli qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

Kino həftəsi çərçivəsində Vüqar Mürsəlov, Mətləb Quliyev, Tahir Həsənov, Cavanşir Rəhimov, Elxan Zülfüqarov, İlqar İsmayılov, Alı Mustafayev, Zabit Quliyev və digər Milli qəhrəmanlara həsr olunan “Dəmir atlı”, “Həsrətlə cənnətə qovuşanlar”, “Bizim zaman qəhrəmanları”, “Cavanşir”, “Ömrün qırx anı”, “Döyüşə tələbələr gedir”, “Tarixdə adı qalan”, “Ən yüksək zirvə”, “Ovçu” və bir çox ekran əsərləri təqdim olunacaq.

Qeyd edək ki, filmlərin nümayişi Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən müxtəlif mədəniyyət müəssisələrində baş tutacaq. Filmlərə giriş sərbəstdir.

azertag.az