Azərbaycanda “Sahibkarlara xidmət” və “Biznes inkubasiya” mərkəzləri fəaliyyətə başlayıb
2.4.2019

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara xidmət” və “Biznes inkubasiya” mərkəzlərinin fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edən nazir müavini Sahib Məmmədov yeni yaradılmış mərkəzlərin fəaliyyət istiqamətləri, onların sahibkarlara və startapçılara müasir informasiya texnologiyalarından istifadə etməklə göstərəcəkləri xidmətlər barədə məlumat verib.

Qeyd edək ki, "Sahibkarlara Xidmət" mərkəzində iş adamlarının müraciətlərinin operativ cavablandırılması nəzərdə tutulub. Bunun üçün (012) 310-23-00 nömrəli qaynar xətt fəaliyyət göstərir. "Biznes İnkubasiya" mərkəzi isə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar və yenilikçi gənclərə dəstək verəcək, startapçıların ideyalarının reallaşdırılması üçün lazımı şərait yaradacaq.

Bugünkü tədbir çərçivəsində həmçinin Sahibkarlığın İnkişafı Fondunun yeni formatda və dizaynda hazırlanmış internet səhifəsinin (www.edf.gov.az) təqdimatı keçirilib. Mobil versiyası da olan bu sayt vasitəsilə iş adamları Fonda həm adi, həm də videomüraciət edə bilərlər.

report.az