Azərbaycanda ilk toxum emalı zavodunun istifadəyə veriləcəyi tarix açıqlanıb
3.4.2019

“Xaçmaz Toxum Emalı Zavodu bu ilin məhsul mövsümü üçün tam hazır vəziyyətdə fermerlərin xidmətinə veriləcək”.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib.

E.Əliyevin sözlərinə görə, Xaçmaz Toxum Emalı Zavodunun artıq sınaq testləri keçirilib və uğurla başa çatıb.

“Yaxınlarda Xaçmazda şimal zonada fəaliyyət göstərən toxumçularla görüşlərimiz planlaşdırılır. Bu görüşlərdə fermerlərə zavodun imkanlarından faydalanmaq imkanları təqdim ediləcək. Fermerlərə daha keyfiyyətli toxum əldə etmələri üçün emal imkanları təklif ediləcək”,- deyə o vurğulayıb.

Nazirlik rəsmisi əlavə edib ki, avadanlıqlarımızın müasir olduğu üçün təklif olunan xidmətlərimiz bazar qiymətlərindən daha aşağı, keyfiyyət isə, düşünürük daha üstün olacaq: “Ona görə fermerlərin məmnun olacaqlarına inanırıq”.

Şəkidə yaradılacaq toxum emalı zavodunda isə hal-hazırda quraşdırma işləri görülür. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu tərəfindən yaradılacaq müəssisələrin hər birinin emal gücü saatda 5 ton olmaqla, 3 min ton saxlanc imkanına malikdir. Bu müəssisələrdə toplam 7500 ton məhsulu saxlamaq imkanı olacaq.

Azərbaycanın illik toxuma olan tələbatı 120 min ton təşkil edir. Müəssisələrin təhvil verilməsi ilə tələbatın 5 faizini ödəmək imkanı əldə olunacaq.

report.az