Sentyabrda Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evi açılacaq
7.5.2019

İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreev ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın cari vəziyyəti və onun genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb.

Bildirilib ki, TDƏŞ çərçivəsində üzv ölkələr müxtəlif istiqamətlərdə (siyasi, iqtisadi-ticarət, humanitar və s. sahələrdə) uğurla əməkdaşlıq edirlər. Qeyd edilib ki, üzv ölkələr arasında ticarət əlaqələrinin şaxələndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Görüşdə Azərbaycanın ixracın təşviqi sahəsində tətbiq etdiyi mexanizmlərin, o cümlədən ticarət evlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycanın bir sıra xarici ölkələrdə ticarət evləri açılıb və uğurla fəaliyyət göstərir. Bu ilin sentyabrında isə Qazaxıstanın Nur - Sultan şəhərində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Sənaye-Ticarət Palatasının, Birgə İnvestisiya Fondunun yaradılması, təşkilatın 2019-cu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək VII Zirvə Toplantısının çərçivəsində biznes-forumun təşkili və s. məsələlər müzakirə edilib.