Zaqatalada qadınların və gənclərin məşğulluğuna və sahibkarlıq bacarıqlarının artırılmasına dəstək göstərmək məqsədilə iki yeni mərkəz açılıb
12.6.2019

İyunun 12-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Zaqatala rayonunda qadınların və gənclərin məşğulluğuna və sahibkarlıq bacarıqlarının artırılmasına dəstək göstərmək məqsədilə iki yeni mərkəz açılıb. BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan hökumətinin birgə əməyi sayəsində təməli qoyulan Zaqatala Qadın Resurs Mərkəzi və Gənclərin Məşğulluq və Təlim Mərkəzi (Syslab) Zaqatala və ümumilikdə Azərbaycanın şimal-qərb bölgəsində əhalinin daha həssas qrupları olan qadınlar və gənclərin iqtisadi imkanları və maliyyə bacarıqlarının artırılması üçün aparıcı məkan olacaq.

BMTİP-in Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Zaqatalada yeni fəaliyyətə başlayan Qadın Resurs Mərkəzi və Syslab USAID, BMTİP, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında uzunmüddətli tərəfdaşlığın bir hissəsidir. Hər iki mərkəz 2015-ci ildən bəri USAID-in maliyyələşdirdiyi və BMTİP-nin qismən maliyyələşdirdiyi və artıq 5 ildir ki fəaliyyətdə olan Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək layihəsi çərçivəsində yaradılıb. Bu layihə Azərbaycanın müxtəlif bölgələrində qadınlara və gənclərə iqtisadi dəstək göstərən bir neçə mərkəzin yaranmasına səbəb olmuşdur. Belə ki, bu günə kimi Masallıda Qadın Resurs Mərkəzi habelə Masallı və Gəncədə Gənclərin Məşğulluq və Təlim Mərkəzləri fəaliyyət göstərir.

Zaqatalada Qadın Resurs Mərkəzi və Gənclərin Məşğulluq və Təlim Mərkəzinin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberger, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yananda Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti iştirak ediblər.

BMT-nin Azərbaycandakı rezident nümayəndəsi Alessandro Fracassetti iki yeni mərkəzin açılışında çıxış edərək, 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinin uğurla həyata keçirilməsi üçün qadınların və gənclərin səlahiyyətlərinin gücləndirilməsinin vacib element olduğunu qeyd edib. "İllər ərzində bu layihə qadın və gənclərin mənalı və səmərəli sosial və iqtisadi fəaliyyətlərlə məşğul olması üçün geniş imkanlara malik olduğu bir mühitin yaradılmasına kömək etmişdir", - deyə Frakassetti bildirib.

Yeni təsis olmağına baxmayaraq Zaqatalada fəaliyyətə başlayan Qadın Resurs Mərkəzi artıq 10 nəfər qadına öz bizneslərini yaratmaqda köməklik edib ki, bu qadınlar da öz növbəsində digər işsiz olan qadınlara yeni yaranmış biznes təşəbbüslərində iş imkanları təklif ediblər.

Yüzlərlə qadın və qız artıq Zaqatalada təqdim olunan müxtəlif təlim proqramlarından və biznes imkanlarının artırılmasına yönələn tədbirlərdən faydalanıb. Layihə çərçivəsində müxtəlif mövzuları əhatə edən maarifləndirici kurslar keçirilib. Bunlardan gender məsələlərinə həssas proqram inkişafı və icmalarla işin qurulması prinsipləri, maliyyə savadlılığı, maliyyə idarəçiliyi və ailə büdcəsinin planlaşdırılması, fandreyzinq və biznes təkliflərinin yazılması, kompüter biliklər, tərcümeyi-halın yazılması, mühasibat-uçot və digər mövzuları qeyd etmək olar.

Bu günə qədər Zaqatalada qadınların iqtisadi və sosial hüquqları və gender bərabərliyinə dair keçirilən müxtəlif məlumatlandırma kampaniyalarına 160-dan çox qadın qoşulub ki, onların hər biri hal-hazırda Zaqatala Qadın Resurs Mərkəzinin fəal üzvləridir.

Syslab mərkəzlərinə gəldikdə isə, Gəncə, Masallı və Zaqatalada fəaliyyət göstərən bu mərkəzlər təkcə bu il 300-dən çox gəncə peşəkar bilik və təcrübələri artırmaq məqsədilə silsilə təlimlər təşkil edib. Gənclərin 66 faizini qadınlar təşkil edib.

Hhazırda BMT-nin İnkişaf Proqramının ümumi hesabla ölkənin 9 bölgəsi üzrə qadınların və gənclərin iqtisadi imkanlarını artırmağa kömək edən mərkəzləri fəaliyyət göstərir. Səkkiz Qadın Resurs Mərkəzi və üç Syslab mərkəzi qadınlar və gənclər üçün yeni bir gələcək cızır və bu mühüm missiyada Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edərək USAID, Avropa İttifaqı, İsveçrə və Avstriya hökumətləri, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu və Coca Cola Fondunun maliyyə dəstəyinə arxalanır.


azertag.az