Qubada mətbəx festivalı keçiriləcək
5.7.2019

İyulun 27-də Quba şəhərində Regional Mətbəx Festivalı keçiriləcək.

Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nizami parkında təşkil olunacaq festival iki gün davam edəcək.

Quba Destinasiya Menecmenti Təşkilatı və Xaçmaz Regional Mədəniyyət İdarəsinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə ərsəyə gələcək festivalda yerli və regional icma nümayəndələrinin, region istehsalçıların və turizm sahəsi peşəkarlarının məhsulları nümayiş olunacaq. Həmin məhsullar “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalarda satış məqsədilə nümayiş edəcəklər.

Bundan əlavə, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçiriləcəyi “Əsas səhnə” zonası, həmçinin qida, iaşə və məhsul istehsalı sahəsində çalışan mütəxəssislər üçün təlim məqsədli “Master-klasslar” ərazisi xidmət göstərəcək. Uşaqlar üçün isə əyləncə parkı qurulacaq.

İki gün ərzində milli musiqi nümunələri, rəqslər, tanınmış müğənnilərin ifaları, müxtəlif tamaşalar, uşaqlar üçün proqramlar qonaqların xidmətində olacaq.


azertag.az