Qax taxılçıları indiyədək zəmilərdən 39 min tondan çox məhsul toplayıblar
5.7.2019

Qax rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Cari mövsümdə rayonda 13 min 815 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Bu günədək 13 min 285 hektar sahənin məhsulu biçilib, 39 min 413 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 29,7 sentnerdir.

Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədarük edilən taxılın 7 min 534 tonu arpa, 31 min 879 tonu isə buğdadır. Arpa sahələrində hər hektardan orta məhsuldarlıq 26,1 sentner, buğda sahələrində isə 30,6 sentnerdir.

Ümumilikdə, biçin kampaniyasına 34 kombayn və digər texnikalar cəlb edilib. Hələlik biçilməmiş 530 hektar taxıl sahəsi qalıb. Fermerlər qalan məhsulun da sahələrdən tez və itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər.

Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 13 min 572 hektar taxıl sahəsindən 41 min tondan çox məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 30 sentnerdən yüksək olub.


azertag.az