Qərb marşrutu Xəritədə baxmaq
Müəyyən geoloji dövrdə Xəzər dənizinin təbii çəkilməsi nəticəsində yaranmış Hacıqabul gölü bu rayonun ərazisindədir. Yaz vaxtı Kür çayının daşması nəticəsində gölün sututar sahəsi genişlənmişdir. Dərinliyi 5 metri aşmayan bu göl qışda donmur. O, köçəri quşların qışlaması, su-bataqlıq quşlarının yuva qurması üçün münasib yer kimi böyük əhəmiyyətə malikdir. Həmin quşların çoxu nadir və məhv olmaq həddinə çatmış növlərə aiddir.
Burada xalçaçılıq hələ qədim dövrlərdən geniş inkişaf etmişdir. Şirvan məktəbinin "Sarı xalça" deyilən əl xalçaları toxumaq ənənəsi hələ də davam edir.
Rayonun inzibati mərkəzi Hacıqabul şəhəri Bakıdan 113 km məsafədə yerləşir.
Bu ərazidə hələ 5 min il bundan əvvəl insanlar yaşayırmış - arxeoloqlar şəhərin şimal-qərbində Harami dağında tsiklopik tikililərin qalıqlarını aşkar etmişlər. Bu tikililərin divarlarında petroqliflər diqqəti cəlb edir. Onun yaxınlınğındakı daşların üzərində də insanları və qeyri-adi, fantastik heyvanların təsvirləri aşkar edilmişdir. Alimlər bu obyektin eneolit dövründə yaranması güman edirlər. Hacıqabul yaxınlığında digər tarix-arxitektura abidələri də qalmışdır. Qubalı Baloğlan kəndində Pir Hüseyn xanəgahına qədim minarəli məscid, qala divarları, karvansara, yaşayış binaları (XIII-XIV əsrlər), XI əsrdə yaşamış Şeyx Hüseynin məqbərəsi (Şeyxin şərəfinə tikilmiş bu məqbərə onun ölümündən iki əsr sonra ucaldılmışdır), eləcə də qədim körpü (XVII-XIX əsrlər) daxildir. Udulu kəndində erkən orta əsrlər dövrünə aid Güngörməz müdafiə qülləsi salamat qalmışdır. Bu qüllənin adından görünür ki, orada müdafiə olunan insanlar son nəfəsə qədər düşmənlərə güzəşt etməmək əzmində olmuşlar.
Kürdəmir rayonu Azərbaycanın tarixi vilayəti olan Şirvanda, Bakıdan şimal-qərb istiqamətində yerləşir.
Kürdəmir rayonunun inzibati mərkəzi Kürdəmir şəhəri Kür çayının sol sahilində, Bakıdan 189 km məsafədə yerləşir.
Burada Bakı-Gəncə magistralı boyunca yerləşən çoxsaylı kafe və restoranlarda nahar etmək olar. Onlardan ən populyarı - rayon mərkəzindən 5 km qərbdə yerləşən "Qarabağ" restoranıdır.
Yevlax rayonu Kür çayının sağ sahilində yerləşir və el arasında Gəncəbasar (keçmiş Gəncə xanlığının ərazisi olduğu üçün belə adlanır) deyilən regionun iri şəhərlərindən biridir.
Yevlax rayonunun inzibati mərkəzi olan Yevlax şəhəri Bakıdan 280 km məsafədə yerləşir. Yevlax çoxsaylı yolların kəsişdiyi ərazidə yerləşir. Buradan Mingəçevir, Şəki Balakən Gəncə və Xankəndi şəhərlərinə birbaşa yollar gedir. Təsadüfi deyildir ki, XII əsrə aid yazılı mənbələrdə Yevlax "Qarabağın qapısı" adlandırılmışdır.
Yevlaxın Qaraməmmədli, Qaranmanlı və Xaldan kəndlərində tunc dövrünə və erkən orta əsrlərə aid bir sıra arxeoloji obyektlər aşkar edilmişdir.
Bərəkətli Qarabağ diyarı Azərbaycanın ən qədim regionlarından biridir. Vaxtilə mərkəzi Şuşa şəhəri olan məşhur Qarabağ xanlığı burada yerləşmişdir. Bu diyarda çoxlu tarix-memarlıq abidələri, zəngin fauna və flora vardır. Azərbaycan xalçalarının əlvan növlərindən biri olan Qarabağ xalçası burada yaranmış, məşhur Qarabağ cıdır atları cinsi burada yetişdirilmişdir. Belə zəngin bir təbii şəraitə malik olan bu diyarın Azərbaycan torpağına çoxsaylı istedadlı şairlər, yazıçılar və musiqiçilər bəxş etmişdir. Ən məşhur xanəndələr - muğam ifaçıları(muğam - Azərbaycanın milli musiqi janrıdır) Qarabağdan çıxmışdır. Muğam melodiyaları isə Azərbaycanın milli opera sənətinin əsasını təşkil edir. Təəssüf ki, bu gün Qarabağ ermənilər tərəfindən işğal edilmişdir.
Tərtər rayonu Tərtərçayın aşağı axarında yerləşir, şimal tərəfdən İncəçayı ilə hüdudlanır, burada qış fəslində temperatur müsbət iki dərəcədən aşağı enmir, yayda isə çox nadir hallarda 25 dərəcəni aşır.
Tərtər şəhəri Tərtər rayonunun inzibati mərkəzidir. Burada heyvandarlıq və kənd təsərrüfatı ilə yanaşı, qədim xalq sənətləri olan xalçaçılıq, toxuculuq və tikmə sənəti ilə də məşğul olurlar. Qədim karvan yolu üzərində yerləşən Tərtər şəhəri vaxtilə Çaparxana adlanmışdır. Rayonun Tərtər, Kəngərli, Qaradağlı, Qaynaq, Azad Qaraqoyunlu kəndlərində bir sıra memarlıq obyektləri vardır.
Goranboy rayonunun mərkəzi Goranboy şəhərinin yaxınlığında yerləşən kiçik Naftalan şəhərinin əhalisinin sayı 6.500 nəfərdir. Bu kurort şəhərindəki sanatoriya və pansionatlaragələn xəstələr Naftalan nefti və onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar.
Azərbaycanda hələ bir neçə min il bundan əvvəl müxtəlif məqsədlər üçün neftlə bərabər, naftalandan da istifadə etməyi bacarırdılar. Buraya gələnlər "Çinar" sanatoriyasında qala bilərlər.
Digər abidə.
Gəncə şəhəri - Gəncə-Qazax ovalığında Gəncəçay çayının sahillərində yerləşir.
Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir. Burada Gəncə Dövlət Universiteti, Kənd Təsərrüfatı Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Filialı, Elmi-tədqiqat Pambıqçılıq İnstitutu, Eksperimental Kənd Təsərrüfatı Stansiyası vardır. Şəhərdə müasir Olimpiya İdman Kompleksi tikilmişdir.
Gəncə dünya şöhrətli şair Nizami Gəncəvinin, şairə Məhsəti xanımın, Mirzə Şəfi Vazehin vətənidir. Burada çoxlu tarixi abidələr var: Cümə məscidi və onun mədrəsəsi, Şeyx İbrahim türbəsi, Qızıl Hacılı, Ozan, Bala Bağbanlı, Şərəfxanlı və Şahsevən məscidləri, Gəncəçay çayı üzərindən salınmış Böyük körpü və Kiçik körpü (XII əsr), karvansara və tikililər kompleksi, göy kaşı gümbəzli İmamzadə, son dərəcədə gözəl qədim Şəhər hamamları vardır(hamamlar indi işləyir). Buraya gələnlərə tövsiyə olunur ki, şəhərin girəcəyində yerləşən Nizami Gəncəvi məqbərəsini hökmən ziyarət etsinlər.
Gəncə - müxtəlif dövrlərdə ölkəmizin tarixində mühüm rol oynamış ən qədim şəhərlərdən biridir.
Ərəblər bu şəhəri Canza adlandırırdılar. Gəncədə aparılan qazıntılar zamanı arxeoloqlar bizim eradan əvvəl II əsrə aid edilən qədim insan məskənləri, Gəncənin ətrafında isə tunc dövrünə aid çoxlu arxeoloji obyektlər aşkar etmişlər.
Hazırda Gəncənin yaxınlığında Hacıkənd kurort zonası yerləşir. Burada çoxlu turist marşrutları, pansionatlar, turist bazaları və istirahət evləri fəaliyyət göstərir.
"Göygöl" Dövlət qoruğu Azərbaycanda ilk qoruqdur.
Gəncənin öz Tarix-diyarşünaslıq muzeyi vardır. Muzeyin eksponatları arasında tunc dövrünə aid çox maraqlı tapıntılar var. Gəncədə Dram Teatrı və Uşaq Kukla Teatrı fəaliyyət göstərir.
Turistlər və şəhərin qonaqları şəhərin mərkəzində yerləşən "Gəncə" mehmanxanasında qala bilərlər.
Göygöl rayonu Kiçik Qafqaz dağlarının ətəklərində, Gəncədən bir qədər cənubda yerləşir. Göygöl rayonunun inzibati mərkəzi Bakıdan 384 km məsafədə yerləşən Göygöl şəhəridir.
Göygöldə yerli tarix-diyarşünaslıq muzeyi, musiqi məktəbi, kinoteatr, çox saylı kafe və restoranlar vardır. Bu sakit, yaşıl şəhərə gələn turistlər oradan müxtəlif marşrutlarla turist səfərlərinə çıxırlar. Tunc və dəmir dövrünə aid edilən arxeoloji tapıntılar bu şəhərin qədim tarixə malik olmasını təsdiq edir. Göygölün özündə Lüteran kilsəsi (1854-cü il), Gəncəçay üzərində iki körpü - "İkigözlü körpü" ( XVI əsr)"Üçgözlü körpü" (1896-cı il) kimi tarixi-memarlıq abidələri salamat qalmışdır. Göygölün yaxınlığında salamat qalmış abidələrə misal olaraq Zurnabad kəndində XII əsrə aid qalanı, Sarı Qaya kəndində XVI əsrə aid məqbərəni, Topalhəsənli kəndində XII əsrə aid "Ağ körpü"nü, eləcə də Çaykənd kəndindəki bir sıra tarixi abidələri göstərmək olar.
Daşkəsən rayonu Azərbaycanın filiz hasilatı mərkəzi olub Kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşir.
Arxeoloqlar bu rayonun Xoşbulaq, Zağalı, Gürbulaq, Əmirvar, Bayan, Dardərya kəndlərinin ərazilərində daş dövrünə aid qədim insan məskənlərinin qalıqlarını aşkar etmişlər. Quşqara çayının üzərindən salınmış iki qədim daş körpü və Əhmədli kəndindəki məqbərə bizim zəmanəyə qədər salamat qalmış tarix-memarlıq abidələridir. Quşçu kəndində 487-ci ildə tikilmiş monastır salamat qalmışdır. Bayan kəndində isə XV əsrə aid edilən xristian məbədinin xarabalıqlarını görmək olar.
Rayonun inzibati mərkəzi Daşkəsən şəhəridir. Bakıdan 397 km məsafədə yerləşən bu şəhərin adından da göründüyü kimi, bu region ta qədim dövrlərdən başlayaraq daş və ağac üzərində oyma sənətinin biliciləri sayılan daşyonan sənətkarları ilə məşhur olmuşdur. Hazırda burada xalq sənət növlərindən xalçaçılıq və corab toxuma sənətləri yaxşı inkişaf etmişdir.
Buradakı kiçik restoranlarda müştərilərə milli mətbəxin səciyyəvi xörəkləri təklif edilir, kababxanalarda isə həm təzə ətdən hazırlanan ləzzətli milli yeməkləri dadmaq, həm də aşıqların (improvizator xalq müğənnilərinin) ifasında xalq musiqisini dinləmək mümkündür. Daşkəsən balı respublikada balın ən yaxşı növlərindən biri sayılır. Yaxınlıqdakı Gəncə şəhərinin sakinləri istirahət etmək üçün Daşkəsən rayonunun Xoşbulaq kəndinə gəlməyi xoşlayırlar.
Şəmkir rayonunda tunc dövrünə və erkən dəmir dövrünə aid çoxlu arxeoloji obyektlər vardır. Onlar əsasən Çənlibel, Seyidlər və Qaraçəmirli kəndlərində aşkar edilmişdir. Orta əsrlərə aid bir sıra tarixi-memarlıq abidələri vardır: Tatarlı və Aşağı Seyfəlli kəndlərindəki qalalar, Təhnəli kəndində və Zəyəm çayının üzərindən salınmış körpülər, Yuxarı Çaykənd, Günəşli, Dağ Cəyirli kəndlərindəki xristian kilsələri buna misal ola bilər.
Burada balıq ovu həvəskarlarının xoşladığı yerlər də var - Kür çayı üzərindəki Yenikənd bəndi daha çox məşhurdur.
Rayonun inzibati mərkəzi Şəmkir şəhərinə Gəncədən miniklə bir saata getmək olar.
Yazılı mənbələrə və arxeoloji məlumatlara görə Şamkur adlanan şəhər V-VI əsrlərdə indiki Muxtariyyat kəndinin yaxınlığında Böyük Şəmkir çayının sahilində, müasir Şəmkirdən 20 km aralıda salınmışdır.
Otra əsrlərdə həmin şəhərdə 8-qülləli feodal qəsri olmuşdur. Şamkurun sərvətləri təkcə tacirləri deyil, işğalçıları da cəlb edirdi. Azərbaycanın qədim şəhərlərinin çoxu kimi, Şamkur da mövcud olduğu dövrdə dəfələrlə dağıdılmış, sonradan bərpa edilmiş və tərəqqi dövrü keçmişdir. Lakin növbəti hücumların birindən sonra şəhərin salamat qalmış əhalisi oradan köçüb getmiş və yeni şəhər salmışdır.
Müasir Şəmkirin ətrafında, XVII əsrə aid edilən iki qədim qala salamt qalmışdır- Şamxor qalasıKoroğlu qalası (bu qalanın adı zalımlara və qəddarlara qarşı qəhrəmanlıqla mübarizə aparmış igid Koroğlunun şərəfinə, milli rəmzimiz kimi seçilmişdir). Alimlərin çoxu bu fikirdədirki, Koroğlu real tarixi şəxsiyyət olmuşdur. Lakin onun həqiqətən Çənlibel qalasında yaşaması inandırıcı şəkildə müəyyən edilməmişdir.
Gədəbəy rayonu Kiçik Qafqaz dağlarında, o cümlədən yüksək dağlıq (Qoşabulaq zirvəsinin hündürlüyü 3549 metr, Qocadağ zirvəsinin hündürlüyü 3317 metrdir) və orta yüksəkliyə malik dağlarda yerləşir. Gədəbəyə ya Şəmkirdən, ya da Tovuzun Qovlar stansiyasından getmək olar. Tovuz yolu daha mənzərili olsa da, minik maşınlarının bu yolu keçməsi çətindir: burada "basarkeçər" avtombillər lazımdır.
Gədəbəy rayonunun ərazisində Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. Qalakənd kəndinin yaxınlığında isə məxsusi balıq ovu təsərrüfatı yerləşir. Gədəbəy rayonunun bitki və heyvanat aləmi zəngin və müxtəlifdir. "Qızılağac" qoruğu bu rayonun ərazisində yerləşir. "Azərbaycanın təbiət abidələri" kimi dövlət tərəfindən mühafizə olunan obyektlərin siyahısına daxil edilmiş bir neçə təbii obyekt - Şamlıq, Qamış, Gödəkdərə, Qovdu meşələri də buradadır. Keçi-keçi, Cüyür, Ayı, Cərgə bulaqları, eləcə də Narzan, Qızılca, Mormor, Çaldaş mineral su bulaqları bu qəbildəndir.
Burada Azərbaycan tarixinə Xocalı-Gədəbəy mədəniyyəti adı ilə daxil olmuş qədim mədəniyyət abidələri tunc dövrünə aid tsiklopik tikililər, eləcə də "Gədəbəy xəzinələri" - ev müxəlləfatı və daş-qaş saxlamaq üçün nəzərdə tutulan qədim küzələr, XVI əsrə - Şah Təhmasibin hakimiyyətdə olduğu dövrə aid gümüş pul silkələri tapılmışdır. Bu pullar Təbrizdən (indiki İran) başlamış Şirvana və Gəncəyə qədər geniş ərazidə tədavüldə olmuşdur.
Rayon ərazisində salamat qalmış tarixi-memarlıq tikililərinə nümunə olaraq Tağlı körpünü (XIX əsr), Qala kəndindəki qülləni (XVI əsr), Söyüdlü kəndindəki Qız Qalasını (və ya Namərd qala - IX əsr), Novosaratovka, Söyüdlü, Çanaxçı və Kiləvi kəndlərindəerkən orta əsrlər dövrünə aid xristian məbədlərini göstərmək olar.
Digər Gədəbəy abidəsi. Koroğlu qalası
Saratovka kəndində rusların "duxobor" deyilən köhnə təriqətçilər tayfasının nümayəndələri yaşayır. Onlar özlərinin maddi və mənəvi mədəniyyətini hələ də qoruyub saxlamışlar.
Bu regionda xalq sənəti növlərindən ağac üzərində oyma, xalçaçılıq, əlvan rəngli qaba yun sapdan corab və əlcək toxumaq, qoyun dərilərinin emal edilməsi kimi sənət növləri yaxşı inkişaf etmişdir.
Buraya gələnlər şəhərin mərkəzində yerləşən mehmanxanada qala bilərlər.
Azərbaycanın Tovuz rayonu respublikanın qərbində yerləşmişdir, Gürcüstan və Ermənistanla həmsərhəddir. Tovuz rayonunda qədim abidələr qorunub saxlanılmışdır. Onlardan ən maraqlıları Kirzan kəndindəki XII əsrə aid məbədin, Yanıqlı kəndindəki XVII əsrə aid məscidin, Qazqulu kəndindəki məqbərələrin, Əlibəyli kəndindəki qalanın və başqalarının adlarını çəkmək olar. Burada həmçinin tunc, dəmir və erkən orta əsrlər dövrünə aid çoxsaylı arxeoloji obyektlər vardır.
Digər abidələr.
Rayonun inzibati mərkəzi - Tovuz şəhəri Bakıdan 457 km məsafədə yerləşir.
Azərbaycanın əksər şəhərləri kimi, Tovuz da daş dövrünə və tunc dövrünə aid qədim insan məskənlərinin yerində salınmışdır. Bu şəhər sanki minilliklər ərzində bir-birini əvəz etmiş əcdadlarımızın yaşadığı yerləri xatırlatmaq üçün xalqın genetik yaddaşında iz qoymuşdur. Qədim türk yazılı mənbələrinə görə bu şəhərin adı iki qohum türk qəbiləsinin - Oğuzların və Toğuzların adından yaranmışdır. Bu ad məhz burada yarandığı üçün toponim kimi təsbit olunmuşdur.
Tovuzda məhşur aşıq Hüseyn Bozalqanlının (1860-1942) kiçik müzeyi var. Aşıq Hüseyn Bozalqanlı Koroğlu dastanını başdan-ayağa əzbər bilirmiş.
Ağstafa rayonu Böyük Qafqaz dağlarının ətəklərində, Azərbaycanın Gürcüstan və Ermənistanla sərhəddində yerləşir.
Kür çayının sahilində 4,9 min hektar sahədə yerləşən "Qarayazı" dövlət qoruğu Kür ətrafı zonalardakı tuqay meşələrini, Qarayazı ovalığını və Kür çayının orta axarını qorumaq və bərpa etmək üçün 1978-ci ildə yaradılmışdır.
1923-cü ildə 12,0 min hektar sahədə yaradılmış "Qarayazı-Ağstafa" yasaqlığı da Ağstafa rayonunda yerləşir.
Rayon ərazisində bir sıra tarixi abidələr aşkar edilmişdir: Köçəsgər kəndinin yaxınlığında paleolit dövrünə aid Molla Nağı təpəsi adlanan qədim insan məskəni, Qıraq Kəsəmən kəndində 17-ci əsrə aid qüllə və 19-cu əsrə aid məscid, Kolxəlvəli, Qarahəsənli, Dağkəsəmən və Düz Qışlaq kəndlərindəki 19-cu əsrə aid məscidlər və s. Bu ərazidə daş dövrünə, tunc dövrünə və dəmir dövrünə aid abidələrin sayı-hesabı yoxdur. Bu faktlar onu göstərir ki, qədim dövrlərdə bu regionun məskunlaşma səviyyəsi kifayət qədər yüksək olmuşdur. Bütün bu arxeoloji obyektlərin ətraflı tədqiq edilməsinə və yeni qazıntı işlərinin aparılmasına ehtiyac var.
Ağstafa şəhərinin yuxarısında, Keşikçidağ silsiləsində çoban yataqlarının (yay vaxtı qoyun sürülərinin otarıldığı yerlərin) yaxınlığında erkən xristianlıq dövründə Qafqaz Albaniyasında tikilmiş müdafiə təyinatlı qala və mağara tipli monastırlar vardır. SSRİ dövründə bu zona gediş-gəliş üçün bağlı idi, çünki Zaqafqaziya Hərbi Dairəsinin hərbi hissələri orada yerləşirdi. Bu səbəbdən həmin unikal kompleks lazımınca tədqiq edilməmişdir. Oraya gediş-gəliş yox idi, mağaralardakı qədim rəsmlərin çoxu artilleriya atəşləri ilə pozulmuşdur. Qədim Azərbaycanın dövlət qurumlarından biri olmuş Qafqaz Albaniyasına aid bu kompleks hazırda respublika Milli Elmlər Akademiyasının arxeoloqları tərəfindən öyrənilir.
Ağstafa şəhəri Gürcüstan sərhəddinin yaxınlığında, Bakıdan 479 km məsafədə yerləşmişdir. Buradan qatara minib Gürcüstanın paytaxtı Tibilisiyə getmək olar. Ağstafada rayonun tarix-arxitektura abidələrinin və mədəni irsin - xalçaçılığın və aşıq yaradıcılığının qorunub saxlanılmasına xüsusi qayğı göstərilir. Arxeoloqların aşkar etdikləri tapıntılar - piyalə, vaza, məişət əşyaları və bəzək şeyləri yerli diyarşünaslıq muzeyində saxlanılır.
Qazax rayonu Azərbaycanın qərb sərhədlərinin yaxınlığında yerləşir.
Burada dövlət tərəfindən qorunan tarixi abidələr (memarlıq və arxeoloqiya abidələri) var: Sınıq körpü (12-ci əsr); Damcılı mağarası; Yuxarı Əskipara kəndində 5-ci əsrə aid məbəd; 15-ci əsrə aid Şəkər qala məbədi, meqalit tipli Didevan istehkamı, Daş Salahlı kəndində Alban dövrünə aid (7-ci əsr) Məbədlər kompleksi, Qala divarları qalıqları ilə diqqəti cəlb edən (son orta əsrlər) Göyəzən dağı və onun yaxınlığında son vaxtlarda aşkar edilmiş şəhər tipli qədim insan məskənlərinin qalıqları.
Qazax rayonunun ərazisində qədim insanların məskunlaşdığı yerlər çoxdur: Avey dağında, Daş Salahlı və Kəmərli kəndləri arasında, İncəsu çayının vadisində, Kiçik Qafqazın şimal-şərq yamaclarında neandertallıların (mustye) dövrü məskunlaşdığı mağaralar, Avey dağındakı Damcılı mağarasının yaxınlığında kromanyon adamlarının məskənləri, çəhrayi-qızılı rəngə çalan qəşəng Qızıl qayanın yaxınlığında Xal-Xal şəhər yeri və qala divarlarının qalıqları aşkar edilmişdir. Belə bir ehtimal var ki, bu ərazi Albaniya hökmdarlarının yay iqamətgahlarından biri olmuşdur. Arxeoloqlar burada heç bir qazıntı aparmadan bir-başa yerin səthində tunc dövrünə aid keramik qabların çoxsaylı qalıqlarını aşkar etmişlər. Albanlar vaxtilə romalı Pompeyin qoşunlarını da burada darmadağın etmişdilər. Qədim yazılı mənbələrdə bu barədə deyilir: "Albanların 10 min süvarisi və 60 min piyadası Pompeyin qoşunlarına qarşı vuruşurdu".
Qızıl qayadan bir qədər qərb tərəfdə yerləşən Bərkin ağzı dərəsində tunc dövrünə aid kurqan qəbirləri aşkar edilmişdir. Bütün bu tarixi obyektlər (Sınıq körpüdən başqa) Qazax şəhərinin yaxınlığında yerləşir. Bu diyarın təşəbbüskar insanlarının səyi sayəsində çoxlu arxeoloji artefakt toplanmış və yerli Tarix-diyarşünaslıq müzeyində sərgiyə qoyulmuşdur.
Yuxarı Salahlı kəndinə gələnlər tanınmış Azərbaycan şairi Səməd Vurğunun buradakı evinə baş çəkə bilərlər.
Azərbaycanın qərb sərhəddində axırıncı iri şəhər olan Qazax istedadlı şairlərin və yazıçıların vətənidir. Xalq arasında qazaxlıları xüsusi poetik duyğuya malik olan adamlar kimi tanıyırlar. Bir sıra məşhur aşıq, alim və sərkərdə burada doğulmuşdur. Şairlərdən Səməd Vurğun, Molla Pənah Vaqif, yazıçılardan Mehdi Hüseyn, İsmayıl Şıxlı, Prot-Artur qalasının müdafiəsinin iştirakçısı olmuş, "Artileriyanın Allahı" adlandırılan general Əliağa Şixlinski və başqaları əslən qazaxlıdır. 1917-ci ildə Azərbaycanda ilk müəllimlər seminariyası da məhz burada - Qazaxda açılmışdır.
Şəhərdə əslən Qazaxdan olan məşhur şairlər Vaqif və Vidadinin həyatını əks etdirən müzeylər, qədim məscid və digər maraqlı obyektlər var. Qazax ən qədim xalçaçılıq mərkəzlərindən və atçılıq zavodlarından biri kimi də məşhurdur. Burada yetişdirilən Diliboz cinsli yerli atlar xüsusilə məşhurdur. Qazax xalça məktəbinin məhsulları olan "Dağ Kəsəmən", "Qazaxça", "Ağqoyunlu","Dörd Buynuz", "Damğalı", "Şıxlı", "Çobankərə", "Borçalı", "Faxralı", "Qaymaqlı" xalçalarına dünya bazarında böyük tələbat var. Qazax zonasının mətbəxi əsasən sadə, lakin çox dadlı ət və un xorəklərindən ibarətdir. Buraya gələn turistlərə məsləhət görülür ki, yerli sakinlərin evlərində qalsınlar.