“Bakı 2015” Avropa oyunlarının təqdimat mərasiminin Berlin şəhərində keçirilməsi məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir.
Gənclər və İdman Nazirliyindən verilən xəbər görə, 13 oktyabr 2014-cü il tarixdə Berlin şəhərinin tarixi məkanlarından biri olan Bode Muzeyində baş tutan tədbirdə ilk olaraq qonaqlar üçün alman dilində “Bakı 2015”ə həsr olunmuş film nümayiş olunub.
Daha sonra tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının Cənubi Qafqaz dostluq qrupunun sədri, xanım Karin Ştrents, Almaniya Olimpiya Komitəsinin prezidenti Alfons Hörman çıxış ediblər.
Nazir Azad Rəhimov öz çıxışında ilk olaraq Almaniya-Azərbaycan dostluq münasibətlərindən söz açıb. Bununla yanaşı, Azad Rəhimov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrliyi ilə birinci Avropa Oyunlarına hazırlıq məqsədi ilə görülən işlər haqda qonaqlara məlumat verib.
“8 aydan sonra Bakı şəhəri Avropa oyunlarına ev sahibliyi edəcək. Hər birinizi Bakıda görmək bizim üçün çox xoş olacaq. Yarışlara 20 idman növü üzrə 6000-dən artıq atlet və 3000 rəsmi nümayəndə qatılacaq. 16 olimpiya idman növündən 11-i Rioda keçiriləcək Olimpiya oyunlarına lisenziya qazandıracaq. 2015 Avropa oyunlarında Azərbaycan dünyanın 50 şəhər və 22 ölkəsinə 60-dan çox uçuş təşkil edəcək”, - deyə nazir bildirib.
Nazir Azad Rəhimov eyni zamanda öz çıxışında 2016-cı ildə ölkəmizin “Formula 1 Grand Prix” yarışına ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
gun.az