Oktyabrın 17-də Nizami Kino Mərkəzində dövlət sifarişi ilə çəkilmiş Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Axırıncı dayanacaq” bədii filminin təqdimatı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ironik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Filmin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb.
Filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və başqaları çəkiliblər.
AzərTAc