Ümumrusiya Azərbaycan Konqresi Rusiya ali məktəblərinə daxil olmuş azərbaycanlı tələbələrlə görüş keçirib - FOTO
13.11.2014

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskvadakı ofisində Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramının təqaüdçüləri, habelə ÜAK xətti ilə Moskvanın və Rusiya regionlarının ali məktəblərinə daxil olmuş azərbaycanlı tələbələrlə görüş keçirilib.

ÜAK-ın təhsil və humanitar məsələlər komitəsinin sədri Xumar Əliyeva tədbiri açaraq Azərbaycan rəhbərliyinin gənclərin xaricdə, o cümlədən Rusiyada təhsilinə, habelə ÜAK xətti ilə Rusiya ali məktəblərinə daxil olmuş tələbələrə diqqət və qayğısından danışıb. O, artıq 12 ildir ki, Ümumrusiya Azərbaycan Konqresinin azərbaycanlı abiturientlərin Rusiya ali məktəblərinə qəbulu üzrə komissiyası Azərbaycanlı gənclərinin Rusiyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına yardım göstərilməsini fəaliyyətinin prioritet istiqaməti kimi müəyyənləşdirdiyini söyləyib: "ÜAK-ın dəstəyi ilə Rusiya ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbə təhsil alır. Bu il isə ÜAK Azərbaycan Təhsil Nazirliyi ilə ikitərəfli sazişə uyğun olaraq Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramının icrasında da iştirak edib. Bu ilk təcrübə də uğurlu olub. Rusiyada təhsil alan 12 azərbaycanlı tələbə təhsilini Dövlət Proqramı çərçivəsində davam etdirəcəkdir". X.Əliyeva Azərbaycan gənclərinin Rusiya ali məktəblərində təhsil almasının təşkilində dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Fondun Rusiya nümayəndəliyinə, Azərbaycanın Rusiyadakı səfirliyinə, Rusiya Azərbaycanlı Gənclər Biriyinə (RAGB) təşəkkürünü bildirib.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev Rusiya ali məktəblərinə qəbul olmuş 1-ci kurs tələbələrini, eləcədə bu il Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsilini davam etdirəcək tələbə və magistləri təbrik edib, onlara doğma Azərbaycanı Rusiyada layiqincə təmsil etməyi, ölkəmizin əldə etdiyi uğurların təbliğində yaxından iştirak etməyi tövsiyə edib: "Azərbaycanlı gənclərin Rusiyanın mötəbər ali məktəblərində təhsil almasına dövlət dəstəyi ənənəsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan xalqının ümummilli lideri gənclərimizin xaricdə təhsil alaraq mükəmməl mütəxəssis kimi vətənə qayıtmasına, eyni zamanda, təhsil aldıqları ölkələrdə cəmiyyətə inteqrasiya edərək Azərbaycanı layiqincə təmsil etməsi və bununla da qüdrətli Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi. Müasir Azərbaycan dövlətinin gənclər siyasətinin uğurları da elə həmin dövrdən qaynaqlanır".

Azərbaycanın Rusiyadakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Arif Babayev və Rusiya Azərbaycan Gənclər Birliyinin nümayəndəsi Emin Hacıyev çıxışlarında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədrliyi ilə Rusiya Azərbaycanlı Gənclər Birliyi “Əlaçı mükafatı” təsis etdiyini, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və Rusiyanın regionlarında təhsil alan aztəminatlı ailələrdən olan tələbələrə sosial təqaüd ayırdığını qeyd ediblər.

Sonra tələbələr və valideynlər çıxış edərək Rusiyada təhsil almaq imkanına, gənclərin problemlərinə və təhsilinə göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə, Ümumrusiya Azərbaycan Konqresinə minnətdarlıqlarını bildirdilər. Tələbələrə ÜAK və RAGB adından hədiyyələr təqdim edilib.


APA