Azərbaycanda İsrailin «Lifewatch» şirkətinin istehsalı olan tibbi sensor diaqnostikalı unikal smartfonların satışına başlanılıb.
Bütün dünyada ilk olan bu avadanlıq haqda Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplun məlumat verib.
A.Kaplun bildirib ki, bu smartfonlar adi telefon olmaqla yanaşı, istifadəçiyə sərbəst şəkildə elektrokardioqram (ECG), qanda şəkərin və oksigenin zənginliyi səviyyəsinin ölçülməsi, habelə nəbz, hərarət kimi tibbi testlər aparmağa imkan verir.
«O, həmçinin orqanizmdə piyin faizini və insanda stressin səviyyəsini hesablamaq qabiliyyətinə malikdir. Smartfonun köməyi ilə insanın fərdi pəhriz proqramı hazırlanır. Əldə olunmuş nəticələr onlayn-serverin məlumat bazasına ötürülür. Təhlillər bitdikdən sonra nəticələr dünyanın hansı nöqtəsindən olmasından asılı olmayaraq həm smartfonun sahibi, həm də onun həkiminə göndərilir», - deyə A. Kaplun bildirib.
Ticarət Palatasının sədri bu qurğunun ilk dəfə olaraq məhz Azərbaycanda satılmasının səbəblərini də açıqlayıb: «Birincisi, burada tibb kifayət qədər inkişaf etməyib. Məsələn, İsraildə bir cihazla qanda şəkərin miqdarını yoxlayan şəxs, istənilən xəstəxanaya arxayın şəkildə müraciət edə bilir. Çünki xəstəxanalarda həqiqətən də yaxşı həkimlər çalışır. Lakin Azərbaycanda həmin əminlik yoxdur. İkincisi, İsraildə insanlar bir qayda olaraq ancaq bir telefondan istifadə edirlər. Amma burada iki və daha çox telefondan istifadə olunur. Ona görə Azərbaycan bu tibbi smartfonların satışı üçün ən düzgün yerdir».
A.Kaplunun sözlərinə görə, bu avandanlıq artıq satışa çıxarılıb. İlkin mərhələdə yarım il pulsuz olaraq istifadəyə veriləcək, bundan sonra isə aylıq ödəniş həyata keçiriləcək. Qurğunun qiyməti 550 manat təşkil edir. Smartfonların Azərbaycanda rəsmi distribyutoru «Mobitel» şirkətidir.
O, əlavə edib ki, yaxın gələcəkdə Bakıda «Call Center» də açılacaq: «Burada İsraildə təhsil almış həkim və tibb bacıları çalışacaqlar. Hazırda bununla bağlı tibb şirkətləri ilə danışıqlar gedir. Tibbi smartfondan məlumatdan daxil olandan sonra həkim özü həmin şəxslə əlaqə saxlayacaq».
APA