Dekabrın 5-dən 9-dək Riqada gənc vokalçıların Beynəlxalq “Riga Symphony 2013” festivalı keçirilmişdir.
Müsabiqədə dünyanın 27-dən çox ölkəsində solistlər və ansambllar çıxış edir.
Münsiflər heyətinin işində və festivalın ustad dərslərində iştirak etmək üçün ABŞ, Böyük Britaniya, İtaliya, Litva, Rusiya və digər ölkələrin tanınmış pedaqoq və vokalçıları Riqaya dəvət edilmişdir. Festivalın təşkilatçılarının fikrincə, bu müsabiqə əsas hadisələrdən biri olsa da, festivalın əsas missiyası yarış və rəqabət deyil, müxtəlif ölkələrin yaradıcı əlaqələrinin qurulması və möhkəmlənməsi, oxu mədəniyyətlərinin yaxınlaşmasıdır.
Vokalçıların bu müsabiqəsində Azərbaycanı Bülbül adına uşaq orta ixtisas musiqi məktəbinin yetirmələri Mərziyə Hüseynova, Ellara Əliyeva, Sona İsgəndərli və Çinarə Əzimova təmsil edir. Kollektivin rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının dosenti, fəlsəfə doktoru İradə Xəlilovadır.
6-cı sinif şagirdi Çinarə Əzimova akademik vokal nominasiyasında “Laçın” xalq mahnısını ifa edərək müsabiqənin Qran-prisini qazanmışdır.
Qala-konsertdə 10-cu sinif şagirdi Mərziyə Hüseynova “Evləri var xana-xana” xalq mahnısını, 8-ci sinif şagirdi Ellara Əliyeva “Elə demə, zalım yar”, Sona İsgəndərli isə “Kəklik” mahnısını ifa edərək hər üçü mükafata layiq yerləri tutmuşlar.
Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov və səfirliyin əməkdaşları müsabiqənin Qala-konsertinə tamaşa etmişlər.
AzərTAc