Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiya Federasiyası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə həsr olunmuş şahmat turniri keçirilmişdir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində bildirmişlər ki, eyni vaxtda 13 lövhədə şahmat oyunu seansı “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və Azərbaycanın Rus İcması tərəfindən təşkil edilmişdir.
Şahmat turnirində Azərbaycanın Rus İcmasının üzvləri, Bakı şəhərinin yaradıcı ictimaiyyəti, habelə Bakı şəhərindəki 160 nömrəli klassik gimnaziyanın və Məzahir Rüstəmov adına 32 nömrəli məktəbin şagirdləri iştirak etmişlər.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərinin müavini Ravil Zaripov tədbiri açaraq Rusiyanın Əsas Qanununun qəbul edilməsinin 20 illiyinə həsr olunmuş bu turnirin xüsusi əhəmiyyətini vurğulamışdır. R.Zaripov demişdir: “Rusiya Konstitusiyasının ikinci fəsli şəxsiyyətin tamdəyərli və harmonik inkişafına həsr edilmişdir. Şübhə yoxdur ki, dünyada ən qədim intellektual oyun olan şahmat yaradıcılıq istedadlarının inkişafına kömək edir.
Buna analoji olaraq deyə bilərəm ki, konstitusiya əsas qanun olduğu kimi, şahmat da bəşər tarixində əsas inkişafetdirici oyundur”.
Rusiya və Azərbaycan şahmatın inkişafına sanballı töhfələr vermiş, beynəlxalq şahmat arenasında görkəmli uğurlar qazanmışlar. Bunu qeyd etmək kifayətdir ki, 2013-cü ilin noyabr ayında Azərbaycanın şahmat üzrə yığma komandası 2009-cu ildə qazandığı uğuru təkrarlayaraq Avropa çempionu olmuşdur.
Lap yaxın günlərdə, 2013-cü il dekabrın 5-də isə Türkiyənin Antalya şəhərində başa çatmış şahmat üzrə dünya komanda çempionatında Rusiya yığması qalib gəlmişdir.
FİDE-nin Baş Assambleyasının qərarına əsasən, 2015-ci ilin iyul ayında Bakıda Şahmat üzrə Dünya Kuboku yarışları keçiriləcək, 2016-cı ilin payızında isə Azərbaycan paytaxtı 42-ci Şahmat Olimpiadasına ev sahibliyi edəcəkdir.
Turnirdə seans verən Aleksandr Kosolapov tədbir iştirakçıları qarşısında çıxış etmişdir. O, Bakıda şahmatın inkişaf tarixi barədə söhbət açmışdır. Bakı şəhərindəki 26 nömrəli məktəbin şagirdi Alina Berzigiyarova tədbirə toplaşanlar qarşısında A.S.Puşkinin “Yevgeni Onegin” poemasından bir parçanı oxumuşdur.
Eyni vaxtda oyun seansının bütün iştirakçılarına mükafatlar təqdim edilmişdir.
Oyun seansında Azərbaycanın Rus İcmasının Respublika Şurasının üzvü Yuri Zenin, Rus İcmasının üzvləri Anton Durnev, Aleksey Şandıbin, Aleksandr Rubanov, Vyaçeslav Dunayev, Mixail Dunayev, yazıçı Paşa Yusifov, Vaqif Ələkbərov, Şamil Hacıyev, Bakı şəhərindəki 160 nömrəli Klassik Gimnaziyanın şagirdləri Anna Qauzer, Zaur Abbasov, Çingiz Hacıverdiyev və Bakı şəhərindəki Məzahir Rüstəmov adına 32 nömrəli məktəbin şagirdi Tamara Dunayeva iştirak edirdi.
AzərTAc