Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibətilə paytaxtda keçiriləcək tədbirlərlə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bununla bağlı idarə tərəfindən xüsusi tədbirlər planı hazırlanıb.
Tədbirlər planına əsasən, dekabrın 12-də paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq və anım mərasimlərinin təşkil olunduğu ərazilərdə polis naryadlarının sayı artırılacaq.
Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08.00-dan başlayaraq Fəxri xiyabandan Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Ziyarət başa çatanadək M. Müşfiq küçəsi ilə H. Cavid prospektlərinin kəsişməsində, M. Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, M. Hüseyn küçəsi - Teleteatrın binası yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.
BŞBPİ-i sürücüləri qeyd olunan istiqamətlərdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.
APA