Azərbaycanın bütün telekanalları rəqəmsal yayıma keçidə tam hazırdır.
Bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib.
O bildirib ki, ABŞ, Yaponiya, Cənubi Şərqi Asiya və Avropa İttifaqına üzv olan ölkələrdə rəqəmsal yayıma keçid artıq başa çatıb:
“Azərbaycan da daxil olmaqla MDB ölkələrində 2015-ci ildə rəqəmsal yayıma tam keçilməsi nəzərdə tutulur. Lakin, Azərbaycanın iqtisadi və texniki imkanları bizə imkan verir ki, bunu daha qısa bir vaxt ərzində reallaşdıraq. Rəqəmsal yayıma keçiddə əsas problem əhalinin aztəminatlı hissəsinin buna nə dərəcədə hazır olub-olmaması ilə bağlıdır”.
Q.Cəbiyev qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə hazırda ölkəmizdə 132 min aztəminatlı var:
“Həmin ailələrin rəqəmsal yayıma keçidlə bağlı dekoder çevirici cihazları ilə təmin olunması üçün Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Bu məsələ həll edildikən sonra Azərbaycanda rəqəmsal yayıma keçid baş tutacaq”.
Gün.Az