“Nargis” jurnalı “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasını təşkil edir
13.12.2013

Bakı sakinlərinin əksəriyyəti artıq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yaxınlığında yerləşdirilən balaca taxta evlərə diqqət yetirsə də, həmin evlərin burada olmasının məqsədini hələ bilmirlər. Bəli, siz yanılmadınız, bizi əsl Yeni il sürprizi gözləyir.

Azərbaycanın aparıcı və dəbli “Nargis” jurnalı “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasını təşkil edir.

“Nargis” jurnalından bildirmişlər ki, dekabrın 13-dən 20-dək yarmarkaya gələn şəhər sakinləri və qonaqlar bayram ab-havasından zövq alacaq, Jan Atelier, Lilak, Carrousel, Ali&Nino və digər brendlərdən hədiyyələrini əldə edə biləcəklər.

Yarmarkanın rəsmi açılışı dekabrın 14-də saat 19:00-da baş tutacaqdır. “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova, tədbirə dəvət olunmuş estrada ulduzu Miri Yusif və “Beat Heaven” qrupu 3 nömrəli internatın istedadlı uşaqları ilə birgə təntənəli gecəni açıq elan edəcəklər. Burada internatda tərbiyə alan uşaqların əl işləri satışa çıxarılacaqdır.

Sizi suvenirlərin əldə olunması və ləziz yeməklərdən əlavə, Azərbaycanın tanınmış yazıçılarının avtoqraf-sessiyası, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr və əlbəttə ki, Şaxta baba ilə Qar qız gözləyəcəkdir.

Hər gün saat 12:00-dan qonaqlar Yeni il hitlərindən həzz alacaq, isti şokolad içəcək və “Nargis” jurnalının tərəfdaşları tərəfindən təşkil olunan əyləncələrə qoşulacaqlar.

Yarmarkanın təntənəli bağlanışı dekabrın 20-də olacaqdır. Həmin vaxt qonaqlar lotereyada iştirak edib “Nargis” jurnalının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr əldə etmək şansını qazanacaqlar. Bu hədiyyələr arasında tanınmış müğənni Emin Ağalarovun konsertinə iki bilet və əsas priz olaraq “Pasha Travel”dan Dubaydakı beşulduzlu otellərin birinə bilet oynanılacaqdır.
Miroslava Duma “Buro 24/7” kimi tanınmış dəbli saytın Azərbaycan versiyasının açılışı ərəfəsində sərgiyə təşrif buyuracaq və gecənin xüsusi qonağı olacaqdır.

İnternat uşaqlarının arzularını həyata keçirmək şansını qaçırmayın. Gəlin hər birimiz Şaxta baba olaq!

“Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasının baş sponsoru “Bank Technique”dir.

AzərTAc