Zaqatala şəhərində tikilməkdə olan Heydər Əliyev Mərkəzinin 2014-cü ilin mayında, Ulu Öndərin doğum günü ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
İnşasına bu ilin aprelində başlanan Mərkəzin əsas binasında tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Yardımçı binaların, o cümlədən qazanxananın, su anbarlarının tikintisi başa çatmışdır. Hazırda binanın daxilində və xaricində bəzək işləri görülür, havalandırma sistemi quraşdırılır, həyətində abadlıq işləri aparılır.
Müasir memarlıq üslubunda inşa olunan ikimərtəbəli binanın ümumi sahəsi 2 min 765 kvadratmetrdir. Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən zəngin muzey, kütləvi tədbirlərin keçirilməsi üçün konfrans zalları, 3D kino zalı, heykəltəraşlıq, milli rəqs və xalq sənətkarlığı studiyaları, internet kitabxana, emalatxana, virtual sinif otağı və digər yardımçı otaqlar fəaliyyət göstərəcəkdir.
AzərTAc