“Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyi “Təbiəti hiss et” layihəsinə start verib. Birliyinin sədri Ülvi Kazım bildirib ki, bu layihə ekoloji maarifləndirmə xarakterlidir: “İnsanların təbiəti çirkləndirməsinin qarşısı alınmalıdır. Gəncliyimizdə, ümumiyyətlə, vətəndaşlarımızda ictimai olaraq bu mədəniyyətin formalaşmasına köməklik göstərmək və bunlara daimi riayət etmək lazımdır”.
O deyib ki, ekoloji tarazlığın saxlanılması və təbiətin mühafizəsi üçün cəmiyyətin üzərinə böyük məsuliyyət düşür: “Ekoloji tarazlığın pozulmasına səbəb ola biləcək amillərin qarşısının alınması üçün cəmiyyətin birgə fəaliyyəti zəruridir. Hər bir kəs bu sahədə əlindən gələni etməlidir. Bu, bizim ölkəmizin, millətimizin, dövlətimizin, eyni zamanda, dünyamızın gələcəyi üçündür”.
Ü. Kazım bildirib ki, dövlətin ekologiya sahəsində görülən işlərə verdiyi dəstək gənclər tərəfindən yeni işlərin görülməsinə stimul yaradıb: “Ekologiya bir mədəniyyətdir. Bu mədəniyyətin gənclər arasında formalaşmasına çox böyük ehtiyac var, gənc nəsillər bu mədəniyyətə önəm verməlidir”.
Qeyd edək ki, bu layihə çərçivəsində gənclərlə maariflənmə işləri görüləcək, qısametrajlı reklam çarxları çəkiləcək, bukletlər hazırlanıb ictimaiyyət arasında paylanacaq. Həmçinin bəzi yerlərdə bizim maarifləndirici plakatlar asılacaq.
“Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyi 2002-ci ildə yaradılıb. Təşkilat 2008-ci ildə dövlət qeydiyyatından keçib. İB-in əsas fəaliyyət istiqamətləri gənclərin müxtəlif sahələrdə maarifləndirilməsi, innovativ inkişafı, yeni fikirlərin ortaya çıxması, eyni zamanda, araşdırma xüsusiyyətli layihələrdə gənclərin iştirakına dəstək göstərməkdir.
Publika.Az