“Azərbaycan qadın muzeyi” pilot layihəsinin təqdimatı olmuşdur
17.12.2013

Dekabrın 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “Azərbaycan qadın muzeyi” pilot layihəsinin təqdimat mərasimi keçirilmişdir.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Müasir Qadın və Cəmiyyət” İctimai Birliyinin (İB) rəhbəri Fidan Maqsudova tərəfindən reallaşdırılmışdır.

Təqdimat mərasimində çıxış edən İB-nin rəhbəri F.Maqsudova bildirmişdir ki, muzeydə Azərbaycanın görkəmli qadınları haqqında sənədlər, əşyalar nümayiş olunacaq, onların ömür yolu, fəaliyyəti haqqında ziyarətçilərə geniş məlumat veriləcəkdir.

Vurğulanmışdır ki, burada Azərbaycan qadınının işlətdiyi ev əşyaları, eyni zamanda, qədim sənət nümunələri də ziyarətçilərə təqdim ediləcəkdir.
Sonra tədbir iştirakçıları muzeydə öz əksini tapmış sənət nümunələrindən ibarət sərgi ilə yaxından tanış olmuşlar.
Sərgi bir ay davam edəcəkdir.

AzərTAc