4 yaşlı Şervinin intellektual qabiliyyət və əqli imkanlarının dahilik səviyyəsində olduğu vurğulanır. Ekspertlərin dediklərinə görə, balaca Şervin Sərabinin əqli qabiliyyəti Albert Eynşteyn, Bill Geyts və ya Stiven Hokinq səviyyəsindədir.
Onun İQ əmsalı 160-dır, yəni maksimal səviyyədədir. Psixoloqların dediklərinə görə, balaca oğlan müstəsna dərəcədə yüksək intellektual qabiliyyətə malikdir. Orta məktəbin birinci sinfinə 2 yaşında gedən Şervin Sərabinin 4 yaşı olsa da, onun əqli inkişaf səviyyəsinin 9 yaşlı uşaq həddində olduğu vurğulanır.
İngiltərənin Cənubi Yorkşir qraflığındakı Barnsli şəhərində yaşayan Şervin Sərabini alimlər "balaca dahi" sayırlar. 9 aylıq olanda dil açan Şervin 1 yaş 8 aylıq olanda sərbəst danışırdı. Pedaqoq-psixoloq Piter Konqdonun sözlərinə görə, Şervin Sərabi potensial dahidir.
"Onun intellekti maksimal yüksək səviyyədədir və mənimlə danışanda bir daha əmin oluram ki, Şervinin dünyagörüşü, əqli, psixologiyası minimum 9 yaşlı uşaq səviyyəsindədir. O, testlərdə ən yüksək nəticələr göstərib. İstedadlı uşaqları illərdən bəri tədqiq edirəm. Əminəm ki, müstəsna, fenomenal uşaqla qarşılaşmışam", - P.Konqdon deyib.
Şervinin anası, 37 yaşlı müəllim Amanda Sərabinin dediyinə görə, əri, 37 yaşlı Darud ilə övladlarının ən yaxşı təhsil almasına çalışırlar.
Big.az