GoMap.az saytı APA-ya istinadən xəbər verir ki, dünən Bakıda son 110 ildə ən aşağı temperatur qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, fevralın 1-i axşamdan başlayan şimal-qərb küləyi fevralın 2-də gün ərzində davam edib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə arabir 28-33 metrədək güclənib. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında - 5,5 dərəcə şaxta təşkil edib. Bu rəqəm son 110 ildə ən rekord göstəricidir. Sonuncu dəfə 1937-ci ildə Bakıda və Abşeron yarımadasında 5,2 dərəcə şaxta qeydə alınıb.
A. Verdiyev deyib ki, havanın minimal temperaturu Aran rayonlarında 0-3 dərəcə şaxta, Naxçıvan Muxtar Respublikasında 6-11 dərəcə şaxta, dağlıq rayonlarda isə 9-12 dərəcə şaxta təşkil edib. Ən maksimal qar örtüyü Şəki rayonunun Sarıbaş ərazisində (68 sm) qeydə alınıb. Qar örtüyünün hündürlüyü Lerikin Rvarud ərazisində 53 sm, Kişçayda 49 sm, İlisuda 40 sm, Qəbələdə 37 sm, Oğuzda 35 sm, Zaqatalada 29 sm, Şəki-İsmayıllıda 27 sm, Quba və Altıağacda 20-25 sm təşkil edib.