Bakıda Ukraynanın sanatoriya-kurort və turizm potensialına dair biznes-seminar keçirilib.Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə bu ölkənin Truskavets rayonunun aparıcı sanatoriya, kurort, hotel və turizm şirkətləri təqdim olunub.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib ki, turizm sahəsi ölkələrimiz arasındakı münasibətlərdə prioritet sahələrdən biridir: “Prezidentlərimiz ölkələr arasında ticarət dövriyyəsinin həcmini 2 mlrd. dollara çatdırmaq barədə razılıq əldə ediblər. Bu məqsədə iqtisadiyyatın yeni sahələri olmadan çatmaq mümkün deyil”.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Aydın İsmiyevin sözlərinə görə, Azərbaycan-Ukrayna münasibətləri dostluq xarakteri daşımaqla inkişaf etməkdə davam edir: “Truskavets regionu ilə əməkdaşlıq münasibətlərimizdə yeni istiqamətdir. Ümid edirik ki, bu tədbir Azərbaycan və Ukrayna arasında turizm sahəsində münasibətlərin dərinləşməsinə səbəb olacaq”.
Qeyd edək ki, biznes-seminarda iştirak etmək üçün Bakıya gələn Ukrayna nümayəndə heyətinə 12 nəfər daxildir.