Bakıda Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib
19.12.2013

Bu gün Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında türk dünyasının görkəmli yazıçısı, ictimai xadim Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri və dövlət rəsmiləri iştirak edib.

Yubiley tədbirində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Çingiz Aytmatovun Azərbaycan dilinə tərcümə olunan əsərləri dəfələrlə nəşr olunub: “Biz onun əsərləri ilə böyümüşük, ondan öyrənmişik və onun əsərləri ilə müdrikləşirik. Böyük yazıçı Azərbaycanda hər zaman sevilib və bu tədbirin keçirilməsi bizim Çingiz Aytmatova olan sevgimizin bariz nümunəsidir”.

Tədbirdə çıxış edən Qırğızıstanın mədəniyyət və turizm nazirinin müavini yubiley tədbirinin keçirilməsinə görə Azərbaycanın mədəniyyət və turizm nazirliyinə təşəkkürünü bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Çingiz Aytmatov haqqında xatirələrini bölüşüb, onun yaradıcılığının sonrakı nəsillərə göstərdiyi təsirdən danışıb: “O, dünyanın böyük yazıçısı olmaqla bərabər, həm də türk dünyasının böyük yazıçısıdır. Çingiz Aytmatovun Azərbaycanla sıx əlaqələri var idi, o, Azərbaycanı çox sevirdi. Fəxr edirəm ki, onunla mənim də dostluğum olub, Moskvada çıxan kitabım onun ön sözü ilə çıxıb”.

Tədbirin bədii hissəsində incəsənət ustaları tərəfindən yazıçının məşhur əsərlərindən parçalar nümayiş etdirilib, musiqi nümunələri ifa olunub.

APA