Məşhur müğənni Castin Biber yeni albomunun buraxılışından sonra musiqi karyerasına son qoyacağını bəyan edib.
Bu haqda müğənni ABŞ-ın “Power 106” radiosuna müsahibəsində bildirib. Şəxsi planlarından bəhs edən Biber şou-biznesi tərk etmək arzusunda olduğunu bildirib. “Fasiləyə ehtiyacım var, bəlkə birdəfəlik musiqini tərk etdim”, - deyə ifaçı qeyd edib. C. Biber yeni albomun tarixi və adı haqqında açıqlama verməyib.
C. Biberin «Believe» adlı son albomu 2012-ci ilin iyununda satışa çıxarılıb və elə ilk həftədə Billboard Hot 100 siyahısında ikinci yer tutub. Albomun dünya üzrə satışı 3,5 milyon nüsxə təşkil edib.
Xatırladaq ki, bu günə kimi Castin Biber üç albom çıxarıb: «My World 2.0», «Under The Misletoe» və «Believe». Bundan başqa, gənc ifaçı bir neçə məcmuə və remikslər buraxıb. 2012-2013-cü illərdə Biber «Believe Tour» adlı beynəlxalq qastrol çərçivəsində çıxış edib.
19 yaşlı kanadalı müğənni musiqi karyerasına 12 yaşında başlayıb. Biberin anası oğlunun videoyazılarını Youtube videoportalına yerləşdirdikdən sonra müğənni məşhurlaşıb.
2008-ci ildə “Raymond Braun Media” səsyazma şirkəti Castin Biberə kontrakt təklif edib. Nəticədə «My World» adlı qısa albomun bütün səkkiz kompozisiyası Billboard Hot 100 siyahısına düşərək, Kanada və ABŞ-da “Platin”, Avstraliyada isə “Qızıl” statusu alıb.
2011-ci ildə müğənni haqqında “Castin Biber: “Never Say Never” adlı bioqrafik musiqili film çəkilib. Filmi məşhur “Step Up 3D ” filminin rejissoru Con M. Çu lentə alıb. Büdcəsi 13 milyon ABŞ dollarına bərabər film dünya kinoprokatında 98,4 milyon dollar toplaya bilib.
APA