8 fevral 18:00-da Bakı Xətai Sənət Mərkəzi Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrinin əsərlərindəndən ibarət zəngin kolleksiyasını növbəti dəfə sənətsevərlərə təqdim edəcək. Bu, kolleksiyaya daxil olan əsərlərin nümayiş olunduğu sayca ikinci sərgidir. Müxtəlif yaradıcı ideyaların və fərqli bədii ifadə tərzlərinin bir məkanda təqdim olunduğu “Yeni kolleksiya-2012” satış-sərginin ekspozisiyasına 40 rəssamın 80-dən artıq rəngkarlıq və qrafik əsərləri daxildir. Portret, mənzərə, tarixi, natürmort və məişət janrlarında yaradılmış əsərlərin yer aldığı sərgi müəlliflərin çoxşaxəli yaradıcılıqlarını əks etdirən kiçik bir fraqmentdir
Bakı Xətai Sənət Mərkəzi tərəfindən keçirilən “Yeni kolleksiya-2012” satış sərgisinin əsas məqsədi isə Azərbaycan rəssamlarının yüksək profesionallıqla ərsəyə gətirdikləri əsərlərin təbliği və təsviri sənət həvəskarlarının kolleksiyalarının zənginləşdirilməsidir.
Sərgi martın 8-ə qədər davam edəcək.