Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun doğum günündə - dekabrın 20-də onun xatirəsinin yad olunması ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Əvvəlcə Riad Əhmədovun adını daşıyan 203 nömrəli tam orta məktəbdə Milli Qəhrəmanın xatirə lövhəsinin açılışı olmuşdur.
Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, məktəbin müəllim və şagird heyəti, döyüş yoldaşları və həmkarları iştirak etmişlər.
Xatirə lövhəsini Milli Qəhrəmanın bacısı Mehriban Əhmədova açaraq demişdir ki, bu cür tədbirlərin keçirilməsinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyəti vardır.
Tədbir iştirakçıları məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin zəngin dövlətçilik fəaliyyətlərini, Riad Əhmədovun qəhrəmanlıq və şücaət yolunu əks etdirən nəfis tərtibatlı fotoguşələrlə tanış olmuşlar.
Sonra Milli Qəhrəman Riad Əhmədovun yaşadığı binaya vurulmuş xatirə lövhəsinin təntənəli açılışı olmuşdur.
Xatirə lövhəsini Milli Qəhrəmanın həyat yoldaşı Elmira Əhmədova açmışdır.
Bu xatirə lövhələri “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunun tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin 1999-cu il 14 may tarixli Fərmanına əsasən, Təhsil Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə açılmışdır.
Xatirə lövhələrinin müəllifi Azərbaycanın Xalq Rəssamı, professor Fuad Salayevdir.
AzərTac