“Smart kart”ların “eManat” ödəmə köşklərində yüklənməsinin tətbiqinə başlanılmışdır
20.12.2013

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Smart-kart” tipli su sayğaclarının tətbiqinin genişləndirilməsi ilə paralel olaraq abonentlərin “Smart kart”lardan istifadəsinin asanlaşdırılması istiqamətində tədbirləri davam etdirir.
Əhali və qeyr-əhali qrupu abonentləri üçün verilmiş “Smart kart”ların daha bir ödəmə köşkündə - “eManat” terminallarında yüklənməsinin tətbiqinə başlanılmışdır.
“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilmişdir ki, ödəmə xidmətləri sahəsində ixtisaslaşmış “Modenis” şirkəti ilə əldə edilən razılığa əsasən, Səhmdar Cəmiyyətin bu sahə üzrə məlumatları “eManat” ödəmə terminallarına inteqrasiya olunmuşdur. Bununla da həmin terminallar tərəfindən “Azərsu” ASC-nin “Smart kart”larının oxunması və müvafiq əməliyyatların aparılması təmin edilmişdir.
Ödənişlərin aparılması və “Smart kart”lara balansın yüklənməsi üçün “eManat” ödəniş terminallarının ekranında “Azərsu” bölməsini, sonra “Smart-karta yükləmə” panelini seçmək lazımdır. Bu zaman terminalın ekranında əhali və qeyri-əhali abonentlər üçün müvafiq panellər seçilməlidir. Bundan sonra “Smart kart”lar terminala daxil edilir və ödəmə əməliyyatlarına başlanılır. Terminallara daxil edilən məbləğ real zaman rejimində həyata keçirilir və “Smart kart”lara balans yüklənilir. Ödəniş başa çatdıqdan sonra ödəmə qəbzi çap olunur.
Növbəti mərhələdə abonentlər yüklənmiş kartı sayğaclara daxil edib balanslarını artırırlar.
Hazırda respublikada 450-yə yaxın “eManat” köşkü fəaliyyət göstərir. Bu göstəricinin 18-i regionlarda quraşdırılmışdır. Köşklərin hər birində su və kanalizasiya xidmətləri üzrə ödəmələr aparmaq mümkündür. Gələcəkdə belə köşklərin sayının artırılacağı nəzərdə tutulmuşdur. “eManat” köşklərində əməliyyat aparılarkan texniki problemlər yarandıqda 012-404-48-88 nömrəsinə zəng etməklə “Modenis” şirkəti ilə əlaqə saxlanılmalıdır.
“Azərsu” ASC-nin abonentləri “MilliÖn” ödəniş terminallarında da ödəniş aparmaq imkanına malikdirlər. Hər iki terminalda yükləmə prosesi analoji qaydada aparılır və istifadəçilər üçün eyni statusa malikdir.

AzərTac