Şərqşünaslıq İnstitutunun yeni nəşrləri çapdan çıxmışdır
24.12.2013

AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının yeni kitabları çapdan çıxmışdır.

İnstitutdan bildirmişlər ki, yeni kitablar - filologiya üzrə fəlsəfə doktorları Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, Coşqun Zəkinin tanınmış ərəb yazıçısı və şairi İmad əş-Şafeinin “Əshabi-Kəhf” hekayəsinin Azərbaycan dilinə tərcüməsi, Vüqar Məmmədovun “Şərqşünaslıq İnstitutunda fars dilçiliyi”dir.
Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi” monoqrafiyasında ilk dəfə olaraq şairin fəlsəfi-dini görüşləri, etik-estetik qənaətləri, süfizmə münasibəti, məhəbbət konsepsiyasının onun ərəbcə poetik irsindəki təcəssümü və bədii təfsiri araşdırılmışdır.

Coşqun Zəkinin tanınmış ərəb yazıçısı və şairi İmad əş-Şafeinin “Əshabi-Kəhf” hekayəsinin Azərbaycan dilində tərcüməsi oxucular üçün maraqlı olacaqdır. Naxçıvan şəhərindən aralı, İlandağ və Nəhəcir dağları arasındakı təbii mağarada müqəddəs ziyarətgah olan “Əshabi-Kəhf”in əhvalatı Müqəddəs Qurani-Kərimdə öz əksini tapmışdır. Eyni adlı məkanın Fələstin, Türkiyə, Suriya ərazilərində olmasını qeyd edən bir sıra qədim mənbələr də mövcuddur. “Əshabi-Kəhf” tərcümədə “Mağara dostları” mənasını verir.

Vüqar Məmmədovun “Şərqşünaslıq İnstitutunda fars dilçiliyi” kitabı bu sahənin öyrənilməsi tarixini tam əks etdirir. Ötən illərdə bu elm müəssisəsində nəşr olunmuş kitablar, müdafiə edilmiş dissertasiyalar haqqında ətraflı məlumat verir. Kitabda fars dilinin qrammatikası, sintaksisi, leksikologiyası, leksikoqrafiyası və tarixinə dair Həsən Zərinəzadə, Cəmilə Sadıqova, Təyyibə Ələsgərova, Şəfəq Əlibəyli, Vüqar Məmmədov, Elmira Əlibəyli və Günay Verdiyevanın tədqiqatlarına nəzər salınmışdır.

AzərTAc