Bakıda “Yeni istedad” layihəsi təqdim edilmişdir
24.12.2013

Dekabrın 23-də Bakıda “Osmanlıfilm”, Cəfər Cabbarlı adına “Azərbaycanfilm”kinostudiyası, ”Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti, “İrəli” İctimai Birliyi (İB), “19 Qrup”, “28 Cinema” və “İlkmedia” şirkətlərinin birgə təşkilatçılığı ilə “Yeni istedad” layihəsinin təqdimatı olmuşdur.

Tədbiri açan “İrəli” İB-nin baş katibi Azər Abdullayev təmsil etdiyi təşkilatın yeni istedadların üzə çıxarılması ilə bağlı bir sıra layihələr reallaşdırdığını və bu işdə böyük təcrübəsi olduğunu diqqətə çatdırmışdır.

“Osmanlıfilm”in baş prodüseri İsmayıl İsmayılov isə bildirmişdir ki, layihənin məqsədi istedadlı və bacarıqlı insanların üzə çıxarılması, onların film və teatr səhnələrinə cəlb olunmasıdır. Qeyd edilmişdir ki, layihəyə 7-dən 77 yaşadək özünə güvənən hər kəs qatıla bilər. Maraqlananlar yanvarın 15-dək “İrəli” İB-nin ofisinə müraciət edə bilərlər.

Layihənin rəhbəri Kəmalə Quliyeva demişdir ki, yeni istedadların seçimləri üç mərhələdə aparılacaqdır. Birinci mərhələdə istedadlardan ərizə qəbul olunacaqdır. Seçim turuna keçənlər professional aktyorlardan ustad dərsləri alacaqlar. Layihənin final mərhələsi “28 Cinema”nın zallarından birində təşkil olunacaqdır.

AzərTAc