Fasiləsiz 30 saat kompüterdə işləməsi ölümünə səbəb oldu
24.12.2013

İndoneziyada fasiləsiz olaraq 30 saat işləmək qadına həyatı bahasına başa gəlib. 27 yaşlı Pradna Paramita böyük bir reklam şirkətinin əməkdaşı olub.

Son zamanlar qadın az yatdığından şikayətlənirmiş. O, energetik içkilər sayəsində tonusda qaldığını deyirdi. "30 saat işləmişəm və hələ də enerjiliyəm", -deyə Paramita sosial şəbəkələrin birində öz şəxsi hesabında yazıb.

Bu yazını paylaşandan sonra Paramita rəfiqələri ilə yemək yeməyə gedib. Rəfiqələrinin dediyinə görə, Paramita yeməyi masaya gətirilən kimi özündən gedib. Hadisə yerinə gələn həkimlər qızın komaya düşdüyünü deyib. Komaya düşən qadın bir daha ayılmayıb.

Sosial şəbəkələrdə Mita Dyuran adı ilə qeydiyyatdan keçmiş Paramita dostlarına gecələr yatmayaraq işlədiyini danışıb. Bir neçə ay əvvəl isə Paramita yatmağa heç vaxtı olmadığını deyib. Eyni reklam şirkətinin keçmiş əməkdaşının dediyinə görə, işdə iş şəraiti sağlam deyil. İnsanları daima həddən artıq işləməyə məcbur edirlər.

Qeyd edək ki, bu cür ölüm halı avqust ayında London banklarından birində də qeydə alınmışdı.

Big.az