Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Göyçayın Şəhadət kəndindəki meyvəçilik dayaq məntəqəsində yetişdirilən konfet ağacı növbəti dəfə bar vermişdir.
Məntəqənin direktoru Elçin İsmayılov bildirmişdir ki, 1930-cu ildə Çindən gətirilən konfet ağacını Göyçayda yetişdirmək və mühafizə edərək bu günə çatdırmaq mümkün olmuşdur. Azərbaycan ərazisi üçün xarakterik olmayan bu meyvə ağacı dəfələrlə qurumaq təhlükəsi ilə üzləşsə də sonralar bərpa edilmiş və onun sayı artırılaraq üçə çatdırılmışdır. Xüsusi mühafizə edilən və 10-15 metr hündürlüyü olan ağacın konfet dadı verən qəhvəyi rəngli meyvələri məhz dekabr ayında yetişir. Soyuğa dözümlü olan meyvələr mart ayınadək ağacda qala bilir. Meyvə qeyri-adi dadına, rənginə və formasına görə heç bir meyvəyə oxşamır. Bu meyvə ağacı toxumlar vasitəsilə artırılır. Bu il ağaclarda bol konfet meyvəsi yetişmiş və hazırda bağban məhsulu toplayır.
Tərkibində şəfaverici maddələrin çox olduğu konfet meyvəsindən bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Bu, asma xəstəliyindən əziyyət çəkənlər üçün isə əvəzedilməz bitkidir. Qəribə formasına görə seçilən meyvə isə maral buynuzuna bənzəyir. Onun çiçəyi nektarla zəngindir. Bu meyvənin tərkibində 30-35 faiz şəkər var. Ona görə, dünyada ən şirin bitki adını qazanıb. Deyilənə görə şirəsi qənddən 300 dəfə şirindir. Bir stəkan qəhvəni və ya çayı şirin etmək üçün konfetin bir damcı şirəsi kifayətdir. Üstü qabıqla örtülmüş qəhvəyi rəngli bu konfet şirinliyi və dadına görə heç də adi həqiqi konfetdən geri qalmır. Hətta bu meyvə qurudularaq müxtəlif tort və şirniyyatların üzərinə bəzək kimi istifadə etmək də olar. Ölkəmiz üçün nadir ağac sayılan bu konfet ağaclarının xüsusi mühafizə olunması və gələcək nəsillərə qorunub çatdırılması üçün “Qırmızı kitab”a salınmışdır.
AzerTac